Martın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə ölkəmizdə səfərdə olan Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan X.Yusifzadə Azərbaycan və Sudan arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi və dərinləşməsində bu cür səfərlərin mühüm rol oynadığını qeyd edib.
Akademik, ölkəmizin qədim neft diyarı olduğunu, dünya neft-qaz sənayesinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi və bu strategiya çərçivəsində regional əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi haqqında qonaqlara ətraflı məlumat verilib. X.Yusifzadə Azərbaycanda hasil olunan karbohidrogenlərin dünya bazarlarına çıxarılması məqsədi ilə qısa müddətdə şaxələndirilmiş neft və qaz kəmərləri sisteminin yaradılmasından söz açıb, ölkəmizin indi təkcə neft deyil, həm də təbii qaz ixracatçısı kimi tanındığını söyləyib.
Sudanın xarici işlər naziri Əli Əhməd Karti ölkəsinin böyük təbii ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, onların işlənilməsi sahəsində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirib. O, SOCAR-ın ekspert və mütəxəssislərinin Sudanla bu sahədə təcrübələrini bölüşməsinə maraq göstərdiklərini söyləyib. Nazir, Azərbaycanın neft hasilatı və ixracı sahəsində zəngin təcrübəsinin öyrənilməsinə ölkəsində ehtiyac olduğunu vurğulayıb.
Görüşdə enerji sektorunda ölkələrarası əməkdaşlığın inkişafı üçün böyük imkanların mövcudluğu qeyd olunub və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.