29 Mart 2015 16:31
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yer saatı 2015”də məşhur binaların işıqları söndürüldü

2007-ci ildən başlayaraq Yer kürəsində baş verən iqlim dəyişikləri ilə əlaqədar dünya ictimaiyyəti bir araya gəlir. İlk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən Sidneydə keçirilən “Yer saatı” kampaniyasının məqsədi dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir. Aksiyanın şərtlərinə görə insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq və enerjiyə qənaət etmək üçün bir saatlığa işıqları və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürməlidirlər. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür. WWF-nin düznlədiyi bu beynəlxalq tədbirin hər il martın son şənbə günü keçirilməsinə qərar verilib.

Bəşəriyyət tarixində ən kütləvi ictimai aksiya hesab edilən “Yer saatı 2015” (“Earth Hour 2015”) bu il 28 marta təsadüf edib. Beynəlxalq kampaniyaya Bakı şəhərində hökumət evinin qarşısında saat 19.30-dan start verilib.

IDEA İctimai Birliyi, Dünya Vəhşi Təbiət Fondu (WWF) Azərbaycan nümayəndəliyi və “Green Baku” təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Teleqraf.com olaraq biz də iştirak etdik. Əksəriyyəti gənclərdən ibarət olan tədbirdə 200-dən artıq gənc qatıldı.

Tədbir zamanı iştirakçılar şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının söndürülməsini müşahidə etməklə yanaşı, simvolik şamların yandırılması prosesində və velosiped yürüşündə iştirak etdilər.

Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırıldı. Bundan başqa, “Critical Mass Baku” veloturu keçirildi. Habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak etdilər. Məsələn, iştirakçıların 150-si Azadlıq meydanında bir saatın rəmzi olan 60 rəqəmi üzərində dayanıb, əllərində şam yandırdılar.

IDEA İctimai Birliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ayşən Quliyeva bildirdi ki, “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. Onun sözlərinə görə, bu il keçirilmiş kampaniya çərçivəsində dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün bir araya gəlib. Dünyanın 172 ölkəsindən 7 mindən çox şəhərin təbiətsevərləri bu kampaniyaya qatılıb.

Qeyd edək ki, 2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Ayşən Quliyeva dedi ki, Beynəlxalq “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulanlara və bu kampaniyanın keçirilməsinə dəstək verən hökumət və qeyri-hökuçət təşkilatlarına minnətdarlığını bildirir.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər