9 Aprel 2015 17:41
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş Milli Kitabxanası ilə təcrübə mübadiləsi aparılacaq

Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz və Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami aprelin 9-da Mərkəzi Elmi Kitabxananın (MEK) qonağı olub.

İlk olaraq qonaqlar kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası, həmçinin AMEA-nın təsisçiləri olan 15 akademikin büstləri ilə tanış olub, fəaliyyətləri barədə məlumat alıblar.

Sonra qonaqlar kitabxananın Şərq ədəbiyyatı və Nadir kitablar fondunda olublar. Nadir kitablar fondunun şöbə müdiri Gülarə Xələfova burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar haqqında məlumat verib.

Görüşdə MEK-in direktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqamətləri barədə danışıb. O, hər iki kitabxana arasında təqdimatların vahid biblioqrafik dildə aparılması, dünya elm nümunələrinin kitabxana fondları arasında mübadiləsinin təşkili, “Milli Rəqəmsal Yaddaş” bazası üçün Azərbaycanla bağlı məlumatların əldə edilməsi, o cümlədən yüksək texnologiyaların tətbiqi işinin təkmilləşdirilməsi istiqamətində müştərək əməkdaşlıq təkliflərini səsləndirib.

Cənab Driss Khrouz hər iki ölkənin islam cəmiyyətləri arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. Professor təklif olunan istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə qurulması üçün rəhbərlik etdiyi kitabxananın hazır olduğunu bildirib. MEK-in fəaliyyət istiqamətlərinin Mərakeş Milli Kitabxanası üçün də maraqlı olduğunu vurğulayıb.

Faydalı fikir mübadiləsi əsasında keçən görüşdə Mərakeş Milli Kitabxanası ilə Mərkəzi Elmi Kitabxana arasında memorandum imzalanması, təcrübə mübadiləsi, birgə elmi-mədəni tədbirlərin təşkili barədə təkliflər səsləndirilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər