22 Aprel 2015 12:56
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi paytaxt sakinlərini regionların mədəniyyəti, el sənətkarlığı, sosial-iqtisadi inkişafı ilə tanış etməkdə davam edir. Layihənin növbəti ünvanı Şəki olub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə bölgənin tarixi-mədəni irsini, müasir inkişafını, mətbəx nümunələrini, dekorativ-tətbiqi sənət ustalarının əl işlərini, turizm imkanlarını əks etdirən sərgi ilə tanış olublar.

Sərgidə Şəkinin bar-bərəkəti, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, Şəkinin tarixi, mədəniyyəti haqqında nəşrlər, rəsm əsərləri də yer alıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Bölgələrdən paytaxta" layihəsinin uğurla davam etdiyini bildirib.

Vaqif Əliyev Şəkinin tarixindən, görkəmli şəxsiyyətlərindən də danışıb. Bildirib ki, Şəki şəhəri qədim zamanlardan Azərbaycanın mədəni və iqtisadi mərkəzlərindən biri olub: “Şəki öz toxuculuq sənəti, xüsusilə də ipəyi ilə Şərq ölkələrində, Avropada geniş tanınıb. Bu gün isə Şəki yeni inkişaf dövrünü yaşayır. Şəki artıq ənənə halını alan "İpək yolu" beynəlxalq musiqi festivalına, digər mədəniyyət tədbirlərinə ev sahibliyi edir, yenidən dünyanın diqqət mərkəzinə çevrilir".

Daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son illər şəhərdə aparılan tikinti, quruculuq işlərindən, sosial layihələrdən danışıb: “Ölkə başçısının Şəkiyə göstərdiyi diqqət və qayğı nəticəsində bölgədə yenidənqurma işləri aparılır və bu zaman milli memarlıq üslubu qorunub saxlanılır. Eyni zamanda, şəhərin mədəniyyət və turizm infrastrukturu genişlənir”.

Sonra Şəkinin tarixini, bugünkü sosial-iqtisadi və mədəni inkişafını əks etdirən videoçarx nümayiş olunub.

Tədbir incəsənət ustalarının konserti ilə davam edib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər