22 Aprel 2015 18:13
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Müəllimlər İnstitutu (AMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları” mövzusunda konfrans keçirilib.

Tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib ki, “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması konfranslarının gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə fəaliyyət planına əsasən Azərbaycan Müəllimlər İnstitutu üzrə müvafiq konfranslar planı təsdiqlənib. Onun sözlərinə görə, ötən müddət ərzində bir neçə dəyirmi masa keçirilib, respublika konfransının təşkili nəzərdə tutulur. Rektor qeyd edib ki, Azərbaycan zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik bir ölkədir: “Sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmiz həmişə İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olub. Azərbaycan dünyəvi dövlətdir və burada dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşılır. Təəssüflər olsun ki, sözdə dini və milli tolerantlıqdan bəhs edən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar erməni vandalizminə heç bir münasibət bildirmirlər. Bəzi dövlətlər İslamı terrorçu din obrazında təqdim etməyə çalışırlar. Tarixən Azərbaycanda heç zaman milli və dini zəmində ayrı-seçkilik baş verməyib. Hətta Azərbaycan xalqına və bütün türk dünyasına düşmən olan ermənilərin Bakı şəhərindəki kilsəsi də tarixi abidə kimi qorunur və ehtiyac olduqda bərpa edilir. Ermənilər isə işğal etdikləri ərazilərimizdə demək olar ki, bütün abidələrimizi, o cümlədən yüzlərlə məscid və qəbiristanlığı dağıdaraq yer üzündən siliblər”.

Ümummilli lider Heydər Əliyevin “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir” sözlərini xatırladan A.Naxçıvanlı bildirib ki, Azərbaycanda dövlət tərəfindən məscidlərin, kilsələrin və sinaqoqların yenidən təmirinə və onların bərpa olunmasına həmişə xüsusi qayğı göstərilib və bu, indi də davam etdirilir: “Ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda 500-dən çox məscid tikilib, yüzlərlə məscid təmir edilib. Dini, mədəni və tarixi abidələrin bərpasına böyük dəstək verən, ulu öndərin siyasətinin, ideologiyasının layiqli davamçısı olan Prezident İlham Əliyev bir çox dini abidələrin bərpası ilə bağlı sərəncamlar imzalayıb, tapşırıqlar verib”.

DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, Azərbaycan bir sivil dövlət kimi dünyaya nümunədir, bəzi dövlətlər dinlərə, millətlərə necə münasibət göstərməyi, multikulturalizmi, tolerantlığı ölkəmizdən öyrənməlidir. Onun sözlərinə görə, ölkəmizdə hər hansı bir dinə qarşı radikal yanaşmalar yoxdur və əminik ki, gələcəkdə də olmayacaqdır. M.Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb, ölkədə qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısının alınması üçün mühüm tədbirlərin görüldüyünü, konfransların keçirildiyini diqqətə çatdırıb. O, mövzunun aktuallığını qeyd edərək, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu söyləyib: “Bəzi dövlətlər əslində islamofobiya adı altında qorxu yaradaraq, nəinki ayrı-ayrı dinləri, eyni zamanda dinlər daxilindəki cərəyan və təriqətləri üz-üzə qoymaqla bütün bəşəri sivilizasiyaları bir-birinə qarşı radikallaşdırırlar. Bəziləri hətta çox sürətlə inkişaf edən ölkəmizdə də təriqətlərarası radikallaşdırma təbliğatı aparmağa belə çalışırlar. Lakin Azərbaycan dövləti həmişə bütün dinlərə və mədəniyyətlərə qarşı tolerantlıq nümayiş etdirir, ehtimal olunan hər hansı xarici təxribatların qarşısını vaxtında alır. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqları qorunur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər