Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) təşəbbüsü ilə Türkiyədəki Karabük Universitetində “Türkiyə-Azərbaycan Elm və Dostluq Guşəsi”nin açılışı olub.
QAFSAM-dan Teleqraf.com-a verilən məlumata görə, guşədə Azərbaycan tarixi, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ problemi, uydurma erməni iddiaları, Azərbaycanın keçdiyi inkişaf yolu, Cənubi Qafqazdakı etnik münaqişələr, problemlər və əməkdaşlıq imkanları barədə kitablar, mövzu ilə bağlı məqalələrin dərc olunduğu jurnallar və elektron resurslar nümayiş etdirilib. Universitetin kitabxanasında açılan guşə daimi xarakter daşıyacaq.
Guşənin açılışından sonra isə “100-cü ilində soyqırım iddiaları” adlı konfrans keçirilib. Konfransda Karabük Universitetinin müəllimləri Ersin Müezzinoğlu və Umut Kedikli çıxış edib. Üniversitetin tələbə-müəllim heyətinin marağına səbəb olan tədbirdə ermənilər tərəfindən ortaya atılan iddiaların əsassızlığı və əsl qətliamların Tüklərə qarşı törədildiyi qeyd olunub.
Xatırladaq ki, yeni guşənin açılması Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsinin davamı kimi həyata keçirilib.
BƏXTİYAR