Ərzurum Böyükşəhər Bələdiyyəsinin başqanı Mehmet Sekmen: “I Avropa Yay Oyunları olduqca əhəmiyyətlidir”
Türkiyə səfirliyinin xətti ilə bir qrup jurnalist Ərzurum, Qars və İqdır şəhərinə səfər edib. Jurnalist qrupu artıq Ərzurum şəhərində bir sıra görüşlər keçirib. Səfərin məqsədi adı çəkilən şəhərlərdə ermənilərin törətdiyi qətliamları, kütləvi məzarları görmək, 1915-ci il hadisələrinin canlı şahidləri ilə görüşməkdir.
Ərzurum Türkiyənin ən hündür şəhəri hesab olunur, dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşir. Şəhərin əhalisi 800 min nəfərdən çoxdur. Bunun 400 mini Ərzurum şəhərində, 400 mindən çoxu isə qəsəbə və kəndlərdə yaşayır. Şəhər başıqarlı dağlarla əhatə olunub. Ərzurum daha çox qış idman kompleksləri ilə məşhurdur, Türkiyənin inkişaf etməkdə olan şəhərlərindən hesab olunur və mərkəzi büdcədən dotasiya almaqla yaşayır.
Jurnalist heyəti Ərzurum görüşlərinə Mustafa Kamal Atatürk adına Ərzurum Dövlət Universitetini ziyarətlə başlayıb, universitetin rektoru, professor Hikmət Koçanla görüşüb.
Rektor: “Sərhəd dostlara açıq olar”
M.K.Atatürk Universitetinin rektoru Hikmət Koçak bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı 1957-ci ildə qurulub. Onun sözlərinə görə, universitetdə 150 min tələbə təhsil alır: “Azərbaycandan da çoxlu sayda tələbələrimiz var. Biz bir millət iki dövlətik. Azərbaycanla fərqli baxışlara malik deyilik. Universitet olaraq Naxçıvanla əlaqələrimiz mövcuddur. Naxçıvandan tələbələr gələrək bizdə tibb fakultəsində təhsil alırlar. Eyni zamanda bizim müəllimlərimiz Naxçıvana gedir. Hesab edirəm ki, əlimizdə olan imkanlardan birgə faydalanmalıyıq. Bizim universitet Türkiyədə beşinci universitetdir. İnternet üzərindən sınaq imtahanları keçiririk”.
Söhbət əsnasında rektor “Gündəlik Teleqraf” qəzetinin “universitetinizdə erməni tələbələri də təhsil alırmı”sualına cavab olaraq deyib ki, Atatürk Universitetində bir erməni tələbə belə yoxdur: “Ancaq biz istərdik ki, gəlsinlər, təhsil alsınlar, reallıqları anlasınlar, bilsinlər ki, “soyqırımı” deyilən bir şey yoxdur, əvəzində Dağlıq Qarabağda bir işğalçılıq siyasəti var. Biz universitet olaraq 2015-ci ildə türk-erməni münasibətləri haqqında tədbirlər təşkil edəcəyik”.
Rektor əməkdaşımızın “Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi” sualına cavab olaraq deyib ki, onlar dövlətin siyasətinə qarışa bilməzlər: “Bizim belə bir səlahiyyətimiz yoxdur. Ancaq sərhədlər yalnız dosta açıq olar. Bizim universitetdə Türk-Erməni Münasibətləri Araşdırma Mərkəzi qurulub. Hesab edirəm ki, erməni dilini yaxşı bilən, amma erməni ruhu daşımayan mütəxəssislərə ehtiyacımız var”.
Rektor “Türkiyənin uzun illər ermənilərin saxta “soyqırımı” iddiasına diqqət etmədiyini, yalnız son illər bu məsələyə diqqət ayırdığı” haqda sualla razılaşmayıb: “1986-cı ildən bu yana Türkiyə hər zaman saxta “soyqırımı” məsələsinə qarşı olub. Sadəcə son illər Türkiyə gücləndiyi üçün onun etirazları və fəaliyyəti daha güclü hiss edilir”.
Erol Kürçüoğlu: “Azərbaycana 1992-ci ildə gəlmişəm”
Universitetin Türk-Erməni Münasibətləri Araşdırma Mərkəzinin rəhbəri, professor Erol Kürçüoğlu isə deyib ki, ötən ay universitetdə Xocalı soyqırımı ilə bağlı simpozium keçirilib. Professor daha sonra qeyd edib ki, 1992-ci ildə Azərbaycana gəlib, hətta müharibə vaxtı Cəbrayıl və digər rayonlara səfər edib: “Biz erməni yalanlarını ifşa etmək, həqiqətləri ortaya çıxarmaq üçün daha çox işlər görməliyik. Biz “soyqırımı” ifadəsini qəbul etmirik. Çünki belə bir şey olmayıb. Arxivlərin açılmasını, bu məsələnin araşdırılmasını təklif edəndə isə qarşı tərəf buna getmir. Bilir ki, bu məsələdə uduzacaq”.
Bələdiyyə başqanı: “Soyqırımı görmək istəyən Qarabağa gəlsin”
Səfər zamanı Ərzurum Böyükşəhər Bələdiyyəsinin başqanı Mehmet Sekmenlə də görüşüb bir sıra məsələlərlə bağlı mövqeyini öyrəndik. “Biz bir millət, iki dövlətik”-deyə çıxışa başlayan bələdiyyə başqanı qeyd etdi ki, iki dövlətin dostluğu və qardaşlığı Heydər Əliyevin zamanından başlayıb və hazırda bu qardaşlıq irəliyə aparılır. Onun sözlərinə görə, dostluq və qardaşlıq möhkəm olmalıdır: “Mən beş ay əvvəl Bakıda olmuşam. Şəhər inkişaf edir. Azərbaycanın Qarabağ problemi var, əraziləri işğal edilib və biz bu işğalı qınayırıq. Bu il sözdə “soyqırımı” iddiasının yüz illiyi oldu. Burada, türk torpaqlarında bizə zülm edən ermənilər olub, indi isə bizə qarşı “soyqırımı” kampaniyası aparırlar. Müxtəlif ölkələr sözdə “soyqırımı” tanımaq istəyir. Əgər dünya soyqırımı görmək və tanımaq istəyirsə, Qarabağa baxsın. Xocalıda gerçək bir soyqırımı həyata keçirilib və bunu edən ermənilər olub. Qarabağda 10 minlərlə insanımızı qətlə yetiriblər”.
Bələdiyyə başqanı rəhbərlik etdiyi qurum haqqında da danışıb. Deyib ki, bələdiyyə əsasən su, kanalizasiya, yolların təmiri, təmizlik fəaliyyəti ilə məşğul olur: “Ümumilikdə bələdiyyənin 2 minə yaxın əməkdaşı var. Bələdiyyənin illik büdcəsi 537 milyon türk lirəsi təşkil edir. Bunun 30 faizi əmək haqlarına, 60 faizi yatırımlara, 10 faizi isə digər xərclərə sərf edilir. Bələdiyyə planlaşdırır ki, Ərzurumda Xocalıda qətl edilənlərlə bağlı abidə kompleksi qursun, eləcə də, Heydər Əliyev adına park salsın. Qardaşlıq və dostluq bu cür olmalıdır”.
“Ərzurumda olan idman kompleksləri Türkiyənin heç bir şəhərində yoxdur”
Əməkdaşımızın “2011-ci ildə Ərzurumda dünya universitetləri arasında beynəlxalq qış olimpiya yarışı keçirilib, dünyanın 54 ölkəsinin universitetləri bu idman yarışlarına qatılıb. 12 iyunda Bakıda I Avropa Yay Olimpiya Oyunları keçirilicək. Bu cür beynəlxalq idman yarışlarının əhəmiyyəti nədən ibarətdir” sualını cavablandıran bələdiyyə başqanı Mehmet Sekmen söyləyib ki, bu cür beynəlxalq yarışlar şəhəri və ölkəni dünyaya tanıdır: “Biz 2011-ci ildə qış olimpiya yarışı keçirdik. Əllidən çox ölkə universiteti bu yarışmaya qatıldı. Ərzurumdan canlı yayımlar verildi, çoxlu sayda jurnalistlər şəhərimizə gəldi. Eləcə də, bu zaman Ərzuruma 400 milyon dollar yatırım qoyuldu, yollar salındı. Hazırda Ərzurumda olan idman kompleksləri Türkiyənin heç bir şəhərində yoxdur. Bakıda da çox işlər həyata keçirilir, şəhər işıqlanır, idman mərkəzləri tikilir. Təbii ki, Bakıya da çoxlu sayda idmançı, izləyici gələcək, şəhər və ölkə haqqında dünyanın hər tərəfinə canlı yayımlar təşkil olunacaq. Bu, Azərbaycanın dünyaya tanıdılması deməkdir. Məşhur bir söz var: insanın ayağını şəhərə öyrət, sonra özü gələcək. Bu mənada hesab edirəm ki, Bakıda keçiriləcək Avropa Yay Oyunlarının əhəmiyyəti çoxdur”.
Şəhərdə gündəlik 12 qəzet nəşr edilir
Ərzurumda olduğumuz zaman Baş Nazirliyin yanında Basın Yayım İnformasiya Təşkilatının Ərzurum şöbəsinin müdiri Memduh Nehri ilə görüşdük. Söhbət zamanı Memduh Nehri bildirdi ki, Ərzurumda gündəlik 12 qəzet çap olunur. Onun sözlərinə görə, şəhərdə 3 televiziya kanalı fəaliyyət göstərir: “Qəzetlərin maliyyə qaynağı əsasən rəsmi elanları yaymaqdan formalaşır. Ərzurumda media mənsublarının birləşdiyi iki cəmiyyəti fəaliyyət göstərir. Jurnalistlər bu cəmiyyətlər vasitəsilə bir araya gəlir, öz problemlərini müzakirə edirlər”.
Qeyd edək ki, Ərzurumda qəzetlərin satış qiyməti 20 qəpik civarındadır. Şəhərdə əsas məşhur qəzet kimi “Pusula” gündəlik nəşri tanınır. Ərzurum səfəri zamanı “Pusula” qəzetinin redaksiyasında olduq, nəşrin baş redaktoru Sevda Günəş İncəsu ilə görüşdük. Baş redaktor zamanında “Show” TV-də çalışıb, hətta İrəvana və Dağlıq Qarabağa səfər edib. Xanım baş redaktor İrəvan və Xankəndində hazırladığı reportajlarda Xocalı qətliamından danışıb, ermənilərə Qarabağı işğal etmələrinin səbəbindən, Xocalıda törətdikləri qətliamlar haqqında kəsərli suallar verib. “Pusala” qəzetinin redaksiyasında 12 jurnalist, 3 redaktor fəaliyyət göstərir, personalın ümumi sayı isə qırxa qədərdir. Qəzet hər gün nəşr edilərək qonşu Qars, İqdır, Van və digər şəhərlərdə də yayılır. Səfər zamanı “Pusala” qəzetinin mətbəəsində də olduq. Mətbəə 1 saat ərzində 35 min qəzet nəşr etmək gücündədir. Qəzetin təsisçsi Kənan Günəş bildirdi ki, qəzetləri yayım firmaları tərəfindən qonşu şəhərlərdə yayılır və ümumilikdə 2 min nöqtədə satılır. Onun sözlərinə görə, mətbəədə “Pusala” qəzetindən əlavə ona yaxın qəzet nəşr edilir və onlar mətbəəyə buna görə pul ödəyirlər. Qəzeti nəşr etmək üçün kağızın tonunu isə 1500-1600 dollar alırlar. Kağızı daha çox Avstriya və Rusiyadan alır, çalışırlar ki, Çin istehsalı olan kağız almasınlar.
NEMƏT ORUCOV
Ərzurum.