15 May 2015 21:44
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə arıçılığın daha da inkişaf etdirilməsi məqsədi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə başlanılıb.

Mayın 15-də Bakıda layihənin ilk seminarı keçirilib.

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir, arıçılıq üzrə alim və mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, son illərdə ölkəmizdə arıçılıq sahəsində görülmüş işlərdən, arıçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb.

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakı Proqram koordinatorunun rəhbəri Mustafa Polat çıxış edərək, son illərdə təmsil etdiyi təşkilat tərəfindən Azərbaycanda arıçılığın daha da inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən danışıb.

FAO-nun baş qərargahının baş texniki eksperti Rainer Krell layihənin məqsədi, həyata keçirilməsi yolları və gözlənilən nəticələr barədə ətraflı məlumat verib. “Azərbaycanda arıçılığın probleminin açarlarından biri ana arılardır”, - deyən Rainer Krell bildirib ki, koloniyalar Qafqaz ana arılarını seçməklə, ən fəal işçi arı törəmələri yetişdirəcəklər. Beləliklə, arıçılara imkan yaranacaq ki, son nəticədə daha məhsuldar yerli arılar bəsləsinlər.

Çıxışlarda bildirilib ki, 2012-ci ildə qiymətləndirmə missiyası zamanı FAO və Ankara Dövlət Universiteti Azərbaycanın şimal ərazilərində yerləşən koloniyalardan işçi arı nümunələri toplayıb. Müəyyən olunub ki, arıxanaların əksəriyyətində qarışıq nəsil arılar üstünlük təşkil edir. Yeni fəaliyyətə başlayan FAO layihəsi yerli bal arılarının təmizlənməsi, damazlıq seleksiya işlərinin aparılması və təkmilləşdirilmiş ana arılardan istifadə etməklə arıçılıqda məhsuldarlığın artırılması və arı koloniyalarının daha səmərəli idarə edilməsi sahəsində potensialın inkişaf etdirilməsində Azərbaycana yardım edəcək.

Vurğulanıb ki, layihə çərçivəsində Azərbaycan arıçılarının Türkiyədə təlimlər keçməsi, həmçinin Azərbaycanla Türkiyə bal emalçıları və arıçılıq avadanlıqları istehsalçıları arasında kommersiya əlaqələrinin yaxşılaşdırılması nəzərdə tutulur. Arıçılar ana arılarını cavanlaşdırmaq üsullarını öyrəndikləri kimi, onlar həmçinin xəstəliyə davamlı, məhsuldarlığı ilə seçilən və nəsil üstünlüyünə malik olan ana arıların yetişdirilməsi və seçilməsi sahəsində də təlim keçəcəklər. Öz növbəsində, bu arıçılar öz icmalarında təlimçi kimi xidmət göstərəcəklər və icmaya rəhbərlik edəcəklər. Yerli şəraitə uyğunlaşmış və güclü ana arıları qəbul etdiklərinə görə, arıçılar yerli biomüxtəlifliyi mühafizə etməyə yardımçı olacaq, koloniyaların məhsuldarlığını yaxşılaşdıracaqlar.

Layihənin beynəlxalq məsləhətçisi Əhməd İnci arıçılığın inkişafı ilə bağlı seleksiya-damazlıq işləri sahəsində Türkiyə və dünya təcrübəsindən seminar iştirakçılarına maraqlı məlumatlar verib.

Seminar müzakirələrlə davam etdirilib.


Müəllif:

Oxşar xəbərlər