Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olaraq, burada peşə təlimi keçən gənclərlə görüşüb.
Teleqraf.com-un məlumatına görə, nazir ilk növbədə mərkəzdə peşə hazırlığı üçün yaradılmış şəraiti, əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə səmərəli peşə hazırlığını təmin etmək üçün aparılan işləri, eləcə də burada əlilliyi olan şəxslərə təlim müddətində göstərilən xidmətin mövcud vəziyyətini nəzərdən keçirib.
Gənclərlə görüşündə nazir burada aparılan peşə reabilitasiyası, göstərilən xidmətlərlə onların bağlı rəy və təkliflərini öyrənib. Səlim Müslümov bildirib ki, ölkəmizdə məhz sağlamlıq imkanları məhdud gənclər üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən belə bir Peşə Reabilitasiya Mərkəzinin yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan insanlara yüksək diqqət və qayğısının daha bir nümunəsidir: “2013-cü ilin dekabrında cənab Prezidentin iştirakı ilə açılışı olan bu mərkəz hazırda əlilliyi olan şəxslərin peşə reabilitasiyasında mühüm rol oynayır. Fəaliyyətə başladığı dövrdən indiyədək Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ümumilikdə 420 nəfərdən artıq sağlamlıq imkanları məhdud gənc kompyuter, toxuculuq, xalçaçılıq, rəssamlıq və digər sahələr üzrə peşə reabilitasiyasına cəlb olunub”.
Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə məşğulluğunun təmin olunması üçün də müvafiq işlərin aparıldığını qeyd edən nazir peşə təlimində olan gənclərin təlim müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunduqlarını bildirib: “Mən tez-tez bu mərkəzə gəlirəm və burada sağlamlıq imkanları məhdud gənclərə xidmətin təşkili vəziyyətinə daim nəzarət edirəm. Bizim məqsədimiz hər bir sağlamlıq imkanları məhdud gəncin burada lazımi şəkildə qayğı ilə əhatə olunmasını təmin etməkdir. Bundan sonra da bu istiqamətdə səylərimiz davam edəcək”. Gənclər hərtərəfli qayğı ilə təmin olunmalarından razılıqla söz açaraq, göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını vurğulayıblar. Hazırda Mərkəzdə 130 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc peşə təlimi keçir.
Naibə QURBANOVA