Mayın 26-da Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov XX əsrdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən danışıb. Bildirilib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşasa da, onun tarixi əhəmiyyəti çox böyükdür.
AXC-nin fəaliyyəti barədə məlumat verən rektor Bakı Dövlət Universitetinin cümhuriyyət dövründə - 1919-cu ildə yaradıldığını diqqətə çatdırıb.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpa olunduğunu xatırladan akademik A.Məhərrəmov müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Rektor bu gün Azərbaycanın dinamik və hərtətəfli inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini vurğulayıb.
Milli Məslisin deputatı, professor Musa Qasımlı AXC-nin tarixi barədə məruzə ilə çıxış edib.
Akademik Vasim Məmmədəliyev Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
Digər çıxış edənlər də 28 May - Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıblar.