28 May 2015 19:54
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfir Vəhdət Sultanzadə qəbulda çıxış edərək 97 il bundan əvvəl müsəlman Şərqində yaradılmış ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açıb. Diplomat Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən sonra qazandığı uğurlar, Azərbaycanda dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həlli istiqamətində dövlətimizin başçısının diplomatik fəaliyyəti, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün aparılan iqtisadi islahatlar, Azərbaycanın son illərdəki iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verib.

Diplomat Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə də danışıb. Diplomat ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra uzaqgörən və müdrik siyasəti ilə ölkəmizi böyük bəlalardan qurtardığını və müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu bildirib.

Səfir vurğulayıb ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirib və ölkəmizin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmaqdadır.

V.Sultanzadə iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə də məlumat verərək, bu hadisənin Azərbaycanın qazandığı nailiyyətlərin bariz göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan-Türkmənistan münasibətlərində əldə olunan bütün uğurlarda ümummilli lider Heydər Əliyevin gördüyü işlərin əvəzsiz olduğunu qeyd edən V.Sultanzadə bildirib ki, iki dövlət arasında qarşılıqlı anlaşma, etimad və inam var və bu mehriban qonşuluq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Səfir Azərbaycan və Türkmənistan xalqları arasında etnik, tarixi, mədəni və dini yaxınlığın mövcudluğunu xatırladaraq, iki ölkənin dövlət başçılarının yüksək səviyyəli dialoqunun münasibətlərin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsinə töhfə verdiyini vurğulayıb, bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu deyib.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toylıyev Prezident Qurbanqulu Berdiməhəmmədovun təbriklərini dövlətimizin başçısı İlham Əliyevə və bütün Azərbaycan xalqına çatdırıb. O, hər iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə güclü təkan verdiyini vurğulayıb. Azərbaycan və Türkmənistan xalqları arasındakı dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını vurğulayan Nazirlər Kabineti sədrinin müavini siyasi, iqtisadi və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. S.Toylıyev xalqlarımızı qarşılıqlı ehtirama, bərabərliyə, birgə tərəqqi və inkişaf səylərinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin birləşdirdiyini söyləyib.

Rəsmi qəbul çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın inkişafını əks etdirən fotoşəkillər, kitablar, bukletlər, jurnallar, milli suvenirlər qonaqların marağına səbəb olub. Tədbir boyu Azərbaycanın nailiyyətlərinə, birinci Avropa Oyunlarına həsr edilən filmlər göstərilib.

Xanəndə Təyyar Bayramov və onu müşayiət edən musiqiçilərin ifa etdikləri xalq mahnılarımız, muğamlarımız iştirakçılarda böyük maraq yaradıb.

Rəsmi qəbulda Türkmənistanın yüksək səviyyəli rəsmiləri, diplomatik korpusun rəhbərləri, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ölkədə yaşayan soydaşlarımız, ziyalılar, iş adamları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, təsisçisi Türkmənistan Prezidenti olan və rus dilində nəşr edilən “Neytralnıy Turkmenistan” qəzetində və türk dilində çıxan “Zaman” qəzetində səfir V.Sultanzadənin “Bütün Şərqdə inkişaf və demokratiyaya iti sıçrayış” adlı məqaləsi dərc olunub.


Müəllif:

Oxşar xəbərlər