19 İyun 2015 23:38
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Teleqraf.com-un məlumatına görə, nümayəndə heyətinin üzvləri Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub, rektor Əhliman Əmiraslanovla Macarıstan Tibb Universitetinin rektoru Dr. Szél Ágoston arasında görüş keçirilib.

Əhliman Əmiraslanov Azərbaycanla Macarıstanın qardaş ölkə olduğunu və təhsil müəssisələrimiz arasında yaxın əlaqənin yaradılmasının vacibliyini vurğulayıb. O, qarşılıqlı layihələr həyata keçirilməyin vacibliyini qeyd edib. Rektor ATU-nun fəaliyyəti barədə qonaqlara məlumat verərək, təhsil müəssisəsinin 1919-cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradıldığını, 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərdiyini deyib: “Universitetimiz bu il müstəqil universitet kimi 85 yaşını, fakültə kimi isə 96-cı yaşını qeyd edəcək”.

ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verən millət vəkili Əhliman Əmiraslanov deyib ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır: “Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar”.

Macarıstan Tibb Universitetinin rektoru Dr. Szél Ágoston ATU-nun klinikalarının çox yüksək səviyyədə olduğunu, müasir standartlara cavab verdiyini söyləyib. İxtisasca anatomik olan əcnəbi rektor həmçinin ATU-nun Anatomiya muzeyini çox bəyəndiyini də xüsusi qeyd edib. O həmçinin iki ali təhsil ocağı arasında sıx əlaqələrin yaradılmasında maraqlı olduğunu və gələcəkdə bununla bağlı müqavilə imzalanacağını qeyd edib.
Görüşdə Macarıstanın Bakıdakı səfirinin II katibi Zoltan Timar, Macarıstan Tibb Universitetinin beynəlxaq əlaqələr şöbəsinin müdiri Marcel Pop, Azərbaycan Təhsil Nazirliyinin aparatının rəhbər müavini Yaqub Piriyev, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov və tədris hissə müdiri Nəsimi Qasımov da iştirak ediblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər