Laçın rayon ictimaiyyətinin, o cümlədən Laçın rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində məlumatlandırma sessiyası keçirilib.
Teleqraf.com-un məlumatına görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilmiş məlumatlandırma sessiyası Bakı şəhərində fəaliyyət göstərən Laçın rayon məcburi köçkün icmalarında yol təhlükəsizliyi sahəsində aparılan maarifləndirmə kampaniyasının tərkib elementidir.
Tədbiri giriş sözü ilə açan “Həyat” Təşkilatının sədri, layihə rəhbəri Azər Allahverənov layihənin məqsəd və vəzifələri, onun mahiyyəti və zəruriliyi, həmçinin təmsil etdiyi təşkilatın yol təhlükəsizliyi sahəsində icra etdiyi proqramlar və gələcək perspektivləri barədə danışıb. Qeyd olunub ki, Azərbaycanda yol təhlükəsizliyinin təmin olunması sahəsində mövcud problemlərin effektiv şəkildə aradan qaldırılması vətəndaş cəmiyyətinin geniş iştirakını tələb edir. Maarifləndirmə, məlumatlandırma, geniş aksiyalar və təlimatlandırma kimi məsələlər qeyri-hökumət təşkilatları tərəfindən uğurla yerinə yetirilə bilən işlərdəndir. Bu kimi işlər ictimaiyyətin geniş cəlb olunması şəraitində aparılmalı, əhalinin müxtəlif yaş qruplarını əhatə etməlidir. Məcburi köçkün icmalarında həmin tədbirlərin keçirilməsi ona görə mühüm əhəmiyyət kəsb edir ki, həmin icmalar adətən çox sürətli yollara yaxın ərazilərdə yerləşir ki, bu da məcburi köçkünləri bilavasitə təhlükə altına alır.
“Tədbirin sonunda iştirakçıları sonrakı mərhələdə yaşadıqları icmalarda yayılması üçün əyani vəsaitlər paylanılıb.
BƏXTİYAR