25 İyul 2015 20:39
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə koronovirusa qarşı tədbirlər gücləndirilib

Xəbər verildiyi kimi, Səhiyyə naziri Oqtay Şirəliyev respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. Ümumulikdə bir sıra Şərq ölkələrində yayılmış koronovirusa qarşı ölkə ərazisində tədbirlər gücləndirilib. Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi Təhlükəli Yoluxucu Xəstəliklərin Epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılovadan aldığımız məlumata görə, virusu aşkarlamaq üçün bütün lazımi testlər, laborator dəstlər var: “Belə bir fakt aşkarlanarsa, qan nümunələri Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına gətirilib müayinə ediləcək. Bu xəstəliyə qarşı müalicə tətbiq etmək üçün də imkanlar yetərincədir”.

Rita İsmayılova bu vaxta qədər virusa yoluxma ilə bağlı şübhəli halın aşkarlanmadığını bildirib: “Virus hava-damcı yolu ilə yayılır. Ona görə də insanlara məsləhət görürük ki, maskalardan istifadə etsinlər, şəxsi gigiyena qaydalarına əməl etsinlər. Əlləri yumamış onu ağıza, gözə və buruna toxundurmaq olmaz. Gün ərzində əlləri bir neçə dəfə sabunla yumaq lazımdır. Xəstəliyin əlamətləri yüksək hərarət, öskürək, boğaz ağrısıdır. Daha sonra bu əlamətlərə tənəffüs, ürək çatışmazlığı, ishal da əlavə olunur, simptomlar ağırlaşır. Virusun inkubasiya-gizli dövrü 7-14 gündür, bundan sonra kliniki əlamətlər başlayır. Virusa qarşı peyvənd olmasa da, xəstəlik əlamətləri aşkarlanan kimi həkimə müraciət etməlidirlər ki, ağırlaşma olmasın. Virusa qarşı müalicə olmadığına görə simptomatik müalicə aparılır. İmmuniteti zəif, ikincili xəstəliyi olanlar və həkimə gec müraciət edildiyi halda ölüm qaçılmaz olur”.

Rita İsmayılovanın sözlərinə görə, əhalinin sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılacaq: “Əvvəllər də həmişə əhalinin sıx olduğu yerlərdə xəstəliklərə qarşı dezinfeksiya tədbirlər görülürdü. Bundan sonra da avtovağzallar, tədbirlər keçirilən obyektlərdə dezinfeksiya işlərini aparacağıq. Respublika Karantin Müfəttişliyinə də bu barədə məlumat verilib. Virus yayılmış ölkələrdən gələnlər arasında şübhəli şəxs olarsa, Taun Əleyhinə Stansiyaya göndərilməlidir, həmin ölkələrə gedənlər bu virus barədə məlumatlandırılır”.

Artıq koronovirus xəstəliyinin simptomatik müalicəsi üçün respublikada dərman ehtiyatı yaradılıb.
Xəstəliyin əlamətləri barədə isə Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüsal Nağıyevdən məlumat aldıq. Həkim deyir ki, koronovirus xəstəliyinin əlamətləri adi qrip xəstəliyi kimi başlayır: “Xəstələrdə öskürək, asqırma, temperaturun yüksəlməsi, baş ağrısı, təngnəfəslik, tənəffüsün çətinləşməsi əlamətləri olur. Yəni xəstəliyin spesifik, fərqləndirici əlaməti yoxdur. Xəstəlik növbəti mərhələyə keçdikdə ağciyərdə iltihab əlamətləri, pnevmoniya əlamətləri meydana çıxır”.

Onun sözlərinə görə, xəstəliyin daşıyıcısı isə yarasalardır: “2012-ci ildə Səudiyyə Ərəbistanında dəvələrin bu xəstəliyin yayılmasındakı rolu müəyyən edilib. Xəstəlik insandan insana qrip kimi yoluxur. Amma fərq ondadır ki, qrip çox sürətlə yayılır. Sağlam bir şəxsin xəstəliyə yoluxması üçün uzun müddət lazımdır. Xəstəlik yaxın təmasla, hava-damcı yolu ilə yoluxur”.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və hazırda davam etməkdədir.

Ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib. Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus xəstəliyinin müalicəsi əsasən simptomatik, yəni əlamətlərə uyğun olaraq aparılır.

Naibə


Müəllif:

Oxşar xəbərlər