Gürcü Pravoslav Kilsəsinin nümayəndələri QMİ-də
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı A.Paşazadə Qafqazın müdrik ağsaqqalı, gürcü xalqının dini lideri - Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinə dərin ehtiram və xeyir-dualarını yetirməyi xahiş edib. Hər zaman böyük qardaşı kimi dərin hörmət bəslədiyi gürcü Patriarxı ilə hər bir görüşünü məmnunluqla xatırladığını bildirən QMİ sədri, Azərbaycan xalqının dostu Patriarx II İliya həzrətlərini ölkəmizə səfər etmək üçün dəvət edib.
Şeyxülislam əmin olduğunu bildirib ki, bu səfər də Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlığı, Qafqazda mehriban qonşuluq əlaqələrinin inkişafı üçün olduqca dəyərli olacaq və bu əlaqələrin daha da dərinləşməsi istiqamətində dini liderlər olaraq əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.
Azərbaycanda müxtəlif din ardıcılları arasında mövcud dini tolerantlıq nümunəsini özləri üçün dəyərli örnək kimi qiymətləndirən qonaq, Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə xələl gətirmək istəyində olanların mənfur istəklərinə çatmayacaqlarını xüsusi vurgulayıb.
QMİ ilə Gürcüstan Patriarxlığı arasında səmərəli əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze, Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.
BƏXTİYAR