Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) sentyabrın 1-dən başlayaraq 3 ay müddətində davam edəcək, “Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihənin icrasına başlayıb.
Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, layihə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hədəf, istiqamət, nəticə və davamlılığı digər ölkələrə nümunə ola biləcək Azərbaycanın gənclər siyasətini bir model olaraq beynəlxalq gənclər arenasında təbliğini, geniş sferada öyrənilməsini, təcrübi mübadiləsini, tətbiqi və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tutur.
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Gənclərin fəal sosial iştirakçılığına nail olaq” devizi və çağırışı altında keçiriləcəkdir. Bu ilin noyabrın 12–18–də “Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı” seçilən İsmayıllı şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Sloveniya, Çex, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Ukrayna və Gürcüstan təmsil edəcək 24 əcnəbi gənc fəalın iştirakı nəzərdə tutulur.
Forumun proqramına plenar hissə ilə yanaşı, 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Bakıda Gənclər və İdman Nazirliyində, Gənclər Fondunda, Gənclər Təşkilatları Milli Şurasında görüşlərinin keçirilməsi də durur.
BƏXTİYAR