“Tələbə sayı az olduğu üçün universitetin fəaliyyəti dayandı”
Bakı Asiya Universitetinin fəaliyyəti dayandırılıb.
Rektor Cəlil Nağıyevin Teleqraf.com-a verdiyi məlumata görə, universitetin fəaliyyəti onun Təhsil Nazirliyinə müraciəti əsasında müvəqqəti olaraq dayandırılıb.
Onun sözlərinə görə, buna səbəb universitetdə təhsil alan tələbələrin sayının azlığı olub. Rektor deyib ki, universitetin şöbələri, qəbul planı və tələbələr az olub: “270 tələbəmiz var. Tələbələrin sayı artdığı təqdirdə universitet fəaliyyətini bərpa edəcək. Gələcəkdə qəbul planı da artırılmalıdır. Ümid edirəm ki, növbəti ildən bu sıxıntı aradan qaldırılacaq”.
Xatırladaq ki, bu gün Təhsil Nazirliyinin mətbuat xidmətindən yayılan məlumatda bildirilib ki, Asiya Universitetinin fəaliyyəti bu ali məktəbin Elmi Şurasında qəbul edilən qərar və nazirliyə edilən müraciətə əsasən, müvəqqəti olaraq dayanıb.
Təhsil Nazirliyi tərəfindən Bakı Asiya Universitetinin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
Nazirlikdən verilən məlumata görə, tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.
SEVİL