11 Sentyabr 2015 12:10
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı – Abbasqulu Kazımzadə

II Yazı

Məhəmməd Əli Rəsulzadə

Mühacirət irsimizə aid əldə etdiyim digər fotolar Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıoğluna aiddir.
Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu olan Məhəmməd Əli Rəsulzadə 1882-ci il aprelin 7-də Bakının Novxanı kəndində anadan olub.

İlk təhsilini din xadimi olan atası Əbdüləzizdən alıb, daha sonra S.M.Qənizadənin ikinci rus-müsəlman məktəbində davam etdirib. Daha sonra isə Bakı texniki məktəbində rus dilində təhsil alıb.

1902-ci ildən siyasi fəaliyyətə başlayan Məhəmməd Əli bir il sonra Məhəmməd Əminin yaratdığı gizli “Müsəlman gənclik təşkilatı”nın ilk üzvlərindən idi. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) nəzdində yaradılan Zaqafqaziyada ilk müsəlman sosial-demokrat qrupu “Hümmət” təşkilatı yaradılarkən Məhəmməd Əli orada təmsil olunur. O, “Hümmət” təşkilatının nəşr etdirdiyi “Təkamül” (1906-1907), “Yoldaş” (1907) kimi qəzetlərdə həmkarlar ittifaqlarının fəaliyyətlərinə dair məqalələr yazır.

Koba (Stalin) ilə görüş

1907 ildə Balaxanı neft rayonunda P.Caparidze, M.Əzizbəyov, İ.Fioletov, S.Əfəndiyev və başqalarının iştirakı ilə təşkil olunan “Neft sənayesi fəhlələrinin ittifaqı”nın sədri P.Caparidze, texniki katibi isə Məhəmməd Əli Rəsulzadə idi.

Bu barədə Məhəmməd Əmin “Stalinlə ixtilal xatirələri” adlı əsərində yazır:

“Bakı Petrol Sənayesi İşçiləri Sindikası adını daşıyan bir təşkilat vardı; işçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluş pərdəsi altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində gizli olaraq çalışan milli təşkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobanın bizimlə görüşmək istədiyini xəbər verdi. Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllərində bir fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və sosial məsələlərə keçdi”.

Tağı Nağıoğlu

A.Kazımzadə ilə bağlı yazımızda da qeyd etdiyimiz kimi, 1911-ci ilin oktyabrında Bakıda Məhəmməd Əli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demokratik Partiyası – Müsavat” yaradılır. Ötən yazımızda Məhəmməd Əlinin bu barədə xatirəsini qeyd etmişdik.

Məhəmməd Əmin Rəsulzadə isə o dönəmi belə xatırlayırdı: “Məhəmməd Əli də Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daşıyan yoldaşlarım olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuşdu. 1911-ci ildə Bakıda Müsavat firqəsinin təşəkkülündə bu iki dost mərhum Nağı oğullarından Tağı ilə birlikdə gizli təşkilatın ilk üçlüyünü təşkil etmişdilər.

“Açıq söz”

1913-cü ildə Rusiyada Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfv fərmanından sonra Məhəmməd Əmin Bakıya qayıdır və yeni qurulan partiyanın başına keçir. 1915-ci il avqustun 2-dən etibarən bu partiyanın “Açıq söz” adlı qəzeti yayımlanır. Qəzetin naşiri Məhəmməd Əli olur. O, eyni zamanda qəzetdə məqalələrlə çıxış edir.

1917-ci ilin oktyabrında Müsavat Partiyasının birinci qurultayı çağırılır. Məhəmməd Əli orada iştirak edir.
Azərbaycan Cümhuriyyətinin elanından sonra Məhəmməd Əli parlamentə üzv seçilir, 1919-cu ildə isə hökumət mətbəəsinə müdir təyin olunur. Həmin ilin oktyabrında o, Müsavatın Bakı komitəsinin üzvü seçilir.

Moskvaya sürgün

Cümhuriyyətin işğalından sonra digər hökumət və parlament üzvlərinin əksəriyyəti kimi o da həbs edilir. 1920-ci ilin noyabrında Moskvaya aparılır və iki ilə yaxın müddətdə Millətlər komissarlığının nəzdində olan kooperativ təşkilatda işləyir.

Əgər Abbasqulu Kazımzadə canilərin aparıldığı eşalonla Moskvaya yola salınmışdısa, Məhəmməd Əli əmisi oğlu ilə birlikdə Stalinin müşayiəti ilə qatarda yol gedirdi. Rəsulzadə qatarda Stalinlə bağlı maraqlı bir hadisəni qeyd edir:

“Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə “pərdələri endir” dedi. Məhəmməd Əli:

- Yoldaş Stalin, bu niyə? - deyə soruşdu.
- Bayırdakılar masamızı görməsinlər, - dedi.
- Görürlər görsünlər, nə olar ki?..

- Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə, inqilab olar, bilmirsən?”

Ayaqqabı almağın sevinci

Moskvada sürgündə odluqları müddətdə Rəsulzadələr ağır günlər keçirirlər. Məhəmməd Əminin ayaqqabı ilə bağlı xatirəsi olduqca təsirlidir:

“Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsl dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu dəyərli əşyadan bir neçə iynə, bir az tikiş sapı və bir qədər də duz vermək lazımmış, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür olsun ki, bu “valyuta” mallarından bir qədər var idi; verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim:
- Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!”

İstanbula qaçış

1922-ci ildə Məhəmməd Əli Abbasqulu Kazımzadə ilə birlikdə bir türkmən qayığına minərək İranın Ənzəli limanına qaça bilirlər.

Mühacirətə getdikdən sonra Sovet rejimi Məhəmməd Əlinin həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgün edir.

Beləliklə, Abbasqulu Kazımzadə və hər iki Rəsulzadələrin İstanbulda mühacir həyatları başlayır. Məhəmməd Əli burada “Yeni Kafkasya”, “Azəri-türk”, “Odlu Yurd” kimi məcmuələrdə çalışır. 1932-ci ildə Rəsulzadə və digər mühacirlər fəaliyyətlərinə Avropada davam etsələr də, Məhəmməd Əli İstanbulda qalır, “Yurd bilgisi” jurnalı ilə əməkdaşlıq edir.

Məhəmməd Əli Rəsulzadə (Sağda)

Məhəmməd Əli 1952-ci ildə Ankarada nəşr olunan “Azərbaycan” jurnalında da məqalələr yazır, Rəsuloğlu imzasından istifadə edir.

M.Ə.Rəsulzadə 1982-ci il fevralın 3-də İstanbulda vəfat edir. İki ay sonra onun yüz yaşı tamam olacaqdı.
M.Ə.Rəsulzadəyə aid İstanbuldan əldə etdiyimiz foto 1938-ci il martın 15-də çəkilib. Məhəmməd Əlinin yanındakı şəxsi böyük ehtimalla digər mühacir Əbdülvahab Yurdsevərdir. Tam dəqiqləşdirmək mümkün olmadı.

P.S. Növbəti yazıda Məhəmməd Əmin Rəsulzadəyə aid iki poçt açıqcası və bir foto yayımlanacaq.
Qaynaqlar:

1. Mövsüm Əliyev: “Məhəmməd Əli Rəsulzadə” (məqalə)
2. M.Ə.Rəsulzadə: “Stalinlə ixtilal xatirələri”
3. “Rəsulzadə ensiklopediyası”
4. Şəxsi arxiv materiallarım.

Dilqəm Əhməd

Yazıda istifadə olunan fotolar “Bakcell” şirkətinin maliyyə dəstəyi hesabına əldə edilib.


Müəllif: