Almaniya memarları Aqneşka Praybiş və Piter Sandxaus birgə hazırladıqları “Green 8” göydələninin layihəsini Berlinin şərq hissəsində həyata keçirməyi planlaşdırırlar.
AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, memarlar binaya “şaquli ev-bağ” şərti adını veriblər. Layihə müəllifləri həm də iddia edirlər ki, bununla onlar əhalinin mənzil problemini həll etməklə yanaşı, təbiətlə yaxından təmaslarına da şərait yaratmış olurlar. Göydələn formaca 8 rəqəmini xatırladır. Binanın daxilində gül, meyvə və tərəvəzlərin yetişdirilməsi üçün bağça və parniklərin salınması planlaşdırılır.
Bundan əlavə, bina sakinlərinin sağlamlığı məqsədilə idman zalı və hovuz da inşa olunacaq.