19 Sentyabr 2015 20:19
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fariz Xəlilli: “Deyəsən, mən qazan yerdən həmişə qızıl çıxır”

Hazırda dünyanın turizm şirkətlərini arxeoloji qazıntılar aparılan məkanlar ciddi maraqlandırır. Arxeoturizm anlayışı da elə bu kontekstdə meydana çıxıb. Azərbaycanın qədim və zəngin tarixi imkan verir ki, nəinki alim və tədqiqatçıları, elə turistləri də ölkəmizin arxeoloji abidələrinə cəlb edək.

Hazırda bu sahədə hansı işlərin aparıldığını öyrənib oxuculara təqdim etmək üçün “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlilli ilə söhbətləşdik.

22-ci toplantı, 2500 məruzəçi

Fariz Xəlilli əvvəlcə sentyabrın 2-dən 5-dək Böyük Britaniyanın Qlazqo şəhərində keçirilmiş Avropa Arxeoloqları Assosiasiyasının illik toplantısında iştirakı barədə məlumat verdi. Onun sözlərinə görə, bu toplantı hər il dünyanın müxtəlif şəhərlərində təşkil olunur: “Builki 22-ci toplantıya əvvəlkilərlə müqayisədə daha çox alim qatılmışdı, 2500 məruzəçi vardı və onlar eyni vaxtda 40 bölmədə fəaliyyət göstərirdilər. Belə yığıncaqların maraqlı cəhətlərindən biri də odur ki, dünyanın arxeoloqlarla bağlı kitablar, nəşrlər buraxan əksər poliqrafiya qurumlarının məhsulları, eləcə də arxeoloji qazıntıları aparmağa yarayan alətlərin sərgisi də təşkil olunmuşdu. Bu konfransda bizim terminologiyada işlək olmayan maraqlı ifadələrə də rast gəldim.

Qeyd edim ki, arxeologiya təkcə öz hüdudlarında qalmır, həm də ona köməkçi olan arxeometriya, arxeokimyaı, arxeobiologiya və digər yarımsahəvi elmləri də özündə birləşdirir. Dünyada tapılan qazıntının tarixini, hansı yaşayış dövrünə aid olduğunu öyrənmək üçün xüsusi metodlar var. Məhz həmin köməkçi elmlərin sayəsində qazıntı yerində üzə çıxarılmış nümunələrin tarixləndirilməsi aparılır.

Məsələn, radiokarbon tədqiqat vasitəsilə tapıntının hansı dövrə məxsusluğu dəqiq müəyyənləşdirilir. Avropa ölkələrində bu metod indi geniş yayılıb. Azərbaycanda hələlik bu üsulla işləyə bilən təşkilat yoxdur.

“Arxeologiya ayrıca elmdir, digər sahələrdən kömək almır” fikri artıq geridə qalıb. Bilirsiniz, biz Azərbaycan alimləri həmişə arxeoloji qazıntı aparmışıq, amma onu analitik öyrənməyə çalışmamışıq. Yeraltı dünyanın sirləri bizi gözləyir.

Konfransda bizim məruzəmiz Azərbaycan keramikası ilə bağlı idi. Hər bir arxeoloji tapıntı, yer altından çıxan nümunə özündə böyük bir tarixi dövrü əks etdirə bilər. Azərbaycan keramikasının hazırlanma ünvanı, tarixi dövrü və sair kimi məsələləri bildirən data-baza hələ yaradılmayıb. Ümid edirik ki, gələcəkdə bu baza yaradılacaq".

“İnsanları qazıntılara cəlb eləməliyik”

Fariz Xəlillinin sözlərinə görə, dünya arxeologiyası artıq qazmağa üstünlük vermir: “Onlar deyirlər ki, biz yetərincə qazıntı işləri aparmışıq. Bəsdi qazdığımız... Azərbaycanda da bir çox yerlər qazılıb və öyrənilib. İndi məqsəd öyrənilmiş sahələrin konservasiyası, qorunub saxlanması və cəmiyyətə təqdim edilməsidir.

Yetərincə qazılmış və aşkara çıxarılmış, ancaq əlimizdən çıxmış sahələr də var. Məsələn, elə rayonlar var, yüz ildir qazıntı işləri aparılır, amma siz ora getsəniz yüz il ərzində qazılmış nişanələrə rast gələcəksizmi? Hazırda SEBA Assosiasiyası bu işi öz üzərinə götürüb və qazılmış sahələrdə konservasiya işləri aparır.

Azərbaycan ərazisi arxeoloji baxımdan zəngindir və bu sahədə xeyli işlər görülüb. Gəncədə, Beyləqanda nə qədər qazıntı işləri aparılıb, amma tapılmış, üzə çıxarılmış tarixi abidələrin, məkanların taleyi ilə maraqlanırıqmı? İndi həmin ərazilərə baş çəksəniz, oralarda dərə-təpədən, çuxurlardan başqa arxeologiya əlaməti gözünüzə dəyməyəcək".

Məlumat üçün bildirək ki, “Miras” Mədəni İrsinin Öyrənilməsinə Kömək İctimai Birliyi Orta əsr Ağsu şəhərində qazıntı sahəsinin üzərini örtüb, içəridə konservasiya və bərpa işləri görüb.

Fariz Xəlilli deyir ki, Orta əsr Ağsu şəhərində aparılmış konservasiyadan sonra oraya xaricidən gələn arxeoloqlar təəccüb hissi keçirirlər: “Düşünürəm ki, bu sahədə davamlı inkişaf əsas məsələdir. BMT də eyni prioritetləri dəstəkləyir. Biz arxeoloji turizm sahəsini inkişaf etdirməliyik. Mədəniyyət və Turizm Nazirliyinin yeni bir layihəsi var, o çərçivədə Şabran rayonunda arxeoturizmə yol açılır. Bu turizm sahəsi mədəni turizmin tərkibindədir, hətta ondan ayrılmaq üzrədir. Bu kimi layihələr davamlı olmalıdır.

Qeyd edim ki, 2011-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə arxeoloji turizm sahəsi üzrə layihə həyata keçirdik. O zaman internet resuslarında belə, Azərbaycan dilində arxeoloji turizm ifadəsinə rast gəlinmirdi. Daha sonra bu məsələ diqqət mərkəzinə çıxdı.

Keçən il İslam Əməkdaşlıq Təşkilatının layihəsi çərçivəsində 4 ölkəni - Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstanı əhatə edən araşdırma aparıldı və aydın oldu ki, həmin ölkələrdə də arxeoloji turizm sahəsi hələ ön planda deyil.

Arxeoloji turizmdə əsas iki məqam var. Birincisi, hər bir kəsi arxeoloji abidələrin ziyarətinə cəlb eləmək, ikincisi, həmin turizm yerlərində düşərgədə qalmaq, qazıntılara qoşulmaq. Məsələn, məzuniyyətə çıxan kimsə dağlara, təbiət qoynuna gəzməyə, kabab yeməyə getmir, turizm şirkətinə ödəniş etməklə arxeoloji qazıntılara qoşulur, tapıntı işləri ilə məşğul olur. Elə ola bilər, tədqiqatçı olmayan adi bir turist yerin altından bir sirri üzə çıxarar.

Məqsəd arxeologiya ixtisası daşımayan insanların arxeoloji sahələrə gətirib orada qazıntıya qoşmaqdır. İnsanlar o sahəyə qapalıdırlarsa, ora yalnız alimlərin girəcəyi sahə olacaqsa, onun bir mahiyyəti qalmır".

Dəfinə tapıldı

Fariz Xəlilli deyir ki, Azərbaycan arxeologiyasının problemləri çoxdur: “Gəncə, Beyləqan, Lənkəran kimi şəhərlərin arxeoloji zənginliyini heç də hamıya göstərə bilməmişik. Eneolit, tunc, dəmir dövrünə aid çox az yaşayış yerlərini üzə çıxara bilmişik. Bu yerlərin öyrənib və insanlara təqdim olunmasına ehtiyac var.

Ağsu şəhərində qazıntılara başlayanda xanlıqlar dövrünü hədəfləmişdik. Bəziləri deyirdi ki, nə ehtiyac var 2-3 əsr əvvəli qazmağa, amma elə bir şəhər mədəniyyəti ortalığa çıxdı, baxdıq ki, bizim heç bundan xəbərimiz yoxdur.

Biz dəfinəni də məhz orda aşkarladıq. 19-cu əsrin əvvəllərinə aid 37 qızıl sikkə tapdıq. Böyük ehtimalla həmin pullar oraya hardansa kənardan düşüb".


Yeri gəlmişkən, həmin qızıl pulların taleyi ilə də maraqlandıq. Bəzən belə qiymətli tapıntıların arxeoloqları varlandırdığını söyləyənlər də olur. Həmsöhbətimiz dedi ki, bütün tapıntılar dövlətə təhvil verildi...

Ağsuda üç yerdə qazıntı işlərinin aparıldığını bildirən Fariz Xəlilli deyir ki, bunlar Orta əsr Ağsu şəhəri, Şıxməcid xanəgahı və Bəyimli kəndi ərazisindəki Torpaqqala-Mehrəvan abidəsidir: “Biz Torpaqqala-Mehrəvan ərazisindən də qızıl əşyalar aşkarladıq. Deyəsən, mən qazıntı apardığım yerdən adətən qızıl çıxır... Bu körpə uşağa aid qızıl üzük və boyunbağının bir zəncirin idi. Oradan Bizans, Sasani, Roma pulları da aşkar olundu. Ekspedisiya zamanı üzə çıxan tapıntılar şəhərin zənginliyindən xəbər verir”.

Tədqiqatçı alim ölkədə arxeoloji qazıntı işlərinin geniş vüsət aldığını da vurğuladı. Onun sözlərinə görə, hazırda ölkə ərazisində 40-a qədər ekspedisiya fəaliyyət göstərir: “Tam hamısını saya bilməsəm də Naxçıvanda, Şəmkirdə, İsmayıllıda, Şamaxıda tədqiqatlar aparıldığını söyləyə bilərəm. Bundan başqa, xarici ölkələrin alimləri Qəbələdə, Şəmkirdə, Ağdamda, Ağcabədidə, Tovuzda, Gədəbəydə arxeoloji tədqiqatlara cəlb olunublar. Yeri gəlmişkən, nədənsə Türkiyə alimləri ilə müştərək arxeoloji layihələr icra olunmur”.

Tək adam bir manat, qrup 70 qəpik...

Həmsöhbətimiz arxeoloji abidələrin idarə olunmasına da diqqət çəkdi. Arxeoloji menecment termininin indi dünyada işlək olduğunu vurğulayan Fariz Xəlilli Orta əsr Ağsu şəhərciyinin dərinliyi 7, eni 8, uzunluğu 30 metr olan buzxanasını günəş enerjisi vasitəsi ilə təmin etməyin mümkünlüyündən söz açdı: “Bu üsulu həyata keçirə bilsək, dünyada yeni təcrübələrdən birini tətbiq etmiş olacağıq. Biz Ota əsr Ağsu abidəsini müqavilə əsasında, ödənişlər hesabına idarə edirik. Həmin ərazini saxlamaq və işçilərin maaşını təmin etmək üçün abidənin özünün gəlir gətirməsinə ehtiyac var. Çalışmalıyıq ki, insanların bu cür mədəni irs abidələrin ziyarətinə yönəldək”.

Məlumat üçün bildirək ki, hər kəs Orta əsr Ağsu şəhərinə gedib, bir manat ödəməklə bələdçi vasitəsi ilə bütün sahəni gəzə bilər. Qrup halında qiymətlər düşür - 70 qəpik.

Qədim dünyaya qədəm basmaq baha deyil...

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər