Metroda gənc bir qız yaşlı kişiyə yer vermədi, həmin yerdə sevimli itini əyləşdirdi və bu məsələ də cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Vəziyyət o qədər ağırdır ki, cəmiyyətin ziyalı təbəqəsi də həmin səhnənin şəklinə münasibət bildirməyə məcbur oldu. Çünki cəmiyyət bu cür səviyyəsiz polemikalara həvəslidir. Sosial şəbəkələr, saytların reytinq yarışına çıxdığı bir vaxtda əxlaqi dəyər, mənəviyyat heç kəs üçün maraqlı deyil. Təsəvvür edin, cəbhədə atışma gedir, dağ kimi oğlanlarımız şəhid olur, bizsə bir it şəklinin müzakirəsini aparırıq. O qız niyə kişiyə yer vermədi, kişi niyə şəklə baxır, it niyə gözlərini yumub? Siz Allah, bundan böyük biabırçılıq olar?
Bir tərəfə baxanda özüm də düşünürəm ki, bəs mən bu yazını niyə yazıram? Nə edim, artıq ox öz yayından çıxıb. Yəni bir halda ki, məsələ bu yerə gəlib çıxdı, ayıb da olsa, bu barədə öz fikirlərimi bildirməyi məqbul hesab edirəm. İslanmış bir cəmiyyətin yaxşıdan qorxusu yoxdur. Onsuz da, mən heç vaxt bizim insanların ciddi bir şeyə reaksiya verdiyini görmədim. Həmişə onlar üçün ancaq düşük, səviyyəsiz şeylər maraqlı olub. Zalım uşaqları öz haqlarını dilə gətirə bilmirlər, ancaq qoyunların müdafiəsinə asanlıqla qalxırlar.
Vəziyyət o qədər acınacaqlıdır ki, adicə bir vətəndaş belə cəmiyyətdə polemika yarada bilir və bunun da səbəbi ziyalı dediyimiz adamların bütün hadisələrin, ümumiyyətlə, müzakirə sözünün mahiyyətini hörmətdən salmasıdır.
Metroda əyləşən o qız da, yanında bardaş qurub oturan o it də, bizim əsl üzümüzdür. Ona görə də o qızın hərəkətində heç bir problem görmürəm. Məni yandıran bu məsələnin sosial şəbəkələrdə və saytlarda müzakirə obyektinə çevrilməsidir. Biz onsuz da, evimizdə, kafelərdə, restoranlarda, küçədə min cür nalayiq hərəkətlərə imza artırıq. Belə çıxır ki, onların hamısı cəmiyyətdə müzakirəyə çevrilməlidir? Məncə, günah nə itdədir, nə qızdadır, nə də o ayaq üstə dayanıb gözünün döyən kişidədir, günah o şəkili kim çəkib yayıbsa ondadır. Belə şeylər ayıbdır. Bunu mətbuatda müzakirə müstəvisinə çıxarmaq isə ondan da ayıb bir şeydir. Görünür, mövzu yoxdur.
Bayaq avtobusun arxa oturacağında məni dəhşətli dərəcədə yuxu basdı, başımı pəncərə şüşəsinə söykəyib mürgülədim, gözümü açan kimi ürəyimə damdı ki, bəlkə, kimsə şəklimi çəkib sosial şəbəkələrdə paylaşdı, üstündən də yazdı ki, Kəramət avtobusda yatıb. Ay Allah, bu oğlan necə yazıçıdır ki, avtobusda yatır? Vallah, əməlli-başlı biabır olardım.
Deməyim odur ki, adamlar bir-birinin şəxsi həyatına burnunu soxmaqda çox həvəslidir. Bu çatışmazlıq nədən irəli gəlir, bilmirəm. Bu adamların doğrudanmı işi-gücü yoxdur? Yaxud, o şəkli çəkən adam kimdirsə, niyə bu müzakirələrdə qınaq obyektinə çevrilmədi? Ümumiyyətlə, itin metroda kişini görməzdən gəlməsi bir problem kimi niyə Azərbaycan xalqını düşündür? Məncə, əsas məsələ budur. Bunu müzakirə etməyə dəyər. Bir də məni bir başqa məsələ olduqca narahat edir: görəsən, o it metroya minəndə gediş haqqı ödədimi?
Kəramət Böyükçöl