Mirzə Ələkbər Sabir Fondu televiziyaların dil qüsurlarını açıb tökdü
Dünən Mirzə Ələkbər Sabir Fondu “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” adlı layihəsinin yekun təqdimatını keçirdi.
Tədbiri giriş sözü ilə açan Fondun rəhbəri Sevda Tahirli bildirdi ki, qurum 3 ildir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə belə bir layihə icra edir. 2015-ci ilin aprel ayından başlayan 3-cü mərhələ Azərbaycan ədəbi dilinin radio və televiziya verilişlərində tətbiqi zamanı yol verilən qüsurlara və onların həlli yollarına həsr edilib.
Dil haqqında qanun pozulur
Sevda Tahirli “Dövlət dili haqqında” qanunun 6-cı maddəsinə diqqət çəkdi. Həmin maddədə deyilir: “Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır”.
Layihə rəhbərinin sözlərinə görə, qanunun bu tələbi bəzi hallarda ciddi şəkildə pozulur.
Monitorinq zamanı televiziya və radio kanallarında aparıcıların dil lüğətinin tərkibində səslərin kəmiyyət baxımından düzgün tələffüz olunmaması, leksik və üslubi səviyyədə normadan sapmalar, mənaya uyğun olmayan sözlərdən istifadə, qeyri-etik sözlərin işlənməsi, anlaşılmayan cümlələr, məntiqi səhvlərə yol vermələr, fonetik səviyyədə normadan sapmalar – samitlərin və saitlərin yanlış tələffüzü kimi nöqsanlar müşahidə edilib.
Məsələn, “Onlar bu yolu birliydə keçiblər”, “Vagif onları atıb getmişdir”, “Bakıda gərb küləyi əsəcək”, “Badamlı” suyunun çimyəvi (kimyəvi) tərkibi, “Vətəndaşların “kitləvi” tibbi müayinəsi üçün 29 aprel 2015-ci ildə kəndə həkim briqadasının göndəriləcəyini də bildirdi, “Gör nə diyceydim (deyəcəkdim) ee sənə” kimi qüsurlar qeydə alınıb.
Səslərin kəmiyyət baxımından düzgün tələffüz olunmamasında “ta:rif” əvəzinə “tarif”, “xiya:ban” əvəzinə “xiyaban”, titrlərdə “tövsiyə” əvəzinə “tövsiyyə”, “həyəcan” əvəzinə “həyacan”, “qəhrəman” əvəzinə “qəhraman” kimi orfoqrafik qüsurlara rast gəlinib.
Əcnəbi və qeyri-etik sözlər efiri doldurub
Əcnəbi vahidlərdən yersiz, ehtiyac olmadan istifadə edildiyi faktları da var. Misal üçün, “Xarici ölkələrdə uşaqlar hər 6 aydan bir check up (ümumi) müayinə olunurlar”, “O vaxtlar palatka (çadır) musiqiçisi vardı”, “Burda iqralar (oyunlar) oynayanda ona əziyyət verim?”, “Hətta telefonu yoldaşına verə də bilərsiz, no problem...”, “ Azərbaycanın bu qədər çabasına baxmayaraq...”, “Bir dəqiqə, bir dəqiqə, just a moment”, “Artıq publarda (pivə məkanlarında) bütün ingilislər-zadlar piyvələyirlər (pivə içirlər) özü üçün”.. .
Qeyri-etik ifadələrə misallar sadalandı: “İstəməyənin gözü çıxsın”, “Zəhrimarlar silsiləsindən xəbərlər çatdırsaq da...”, “Aaz, uşağımın xətrinə dəymə, cıraram səni”, “Merilin Monro həm Kennedi ilə, həm də onunla olub. Kopak qızına bax ey...”
Sevda Tahirli efir dilində qrammatik sapmalara yol verildiyini də diqqətə çatdırdı:
“Ən parlaq zabitlərindən və generallarından bir neçəsi azərbaycanlılar olub”, “Baş nazirin müavini Qaçqınlar və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri artıq 7 beynəlxalq təşkilatlarla müraciət olunub”. Bu cümlələrdə cümlələrində həm miqdar sayından istifadə olunub, həm cəm şəkilçisindən.
Monitorinqin 3 tele-kanalı əhatə etdiyini deyən layihə rəhbəri əlavə etdi ki, etik olmadığı üçün o televiziyaların adları ictimaiyyətə açıqlanmayacaq.
Tədbirdə QHT və KİV nümayəndələri, Bakı Dövlət Universitetinin professorları Nəsir Əhmədli və Alxan Bayramoğlu, televiziya və radionun təcrübəli diktoru Ofeliya Sənani də iştirak edirdi.
Pəltək, mədəniyyətsiz aparıcı
Ofeliya Sənani dillə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd etdi. O, televiziya və radio proqramlarını mütəmadi izlədiyini, çoxsaylı qüsurlara yol verildiyini, amma bu qüsurların aradan qaldırılıması üçün səsinin eşidilmədiyini vurğuladı: “Ahəng qanununa tabe olan musiqili dilimiz var. Dilimizin saflığı efirlərdən çox asılıdır. Evimizdə 3 televizor var. Səhər yuxudan oyanan kimi hər üçünü qoşuram, müxtəlif telekanalları açıb, hamısını izləyirəm. Dilimizi bərbad hala salırlar, çox təəssüf edirəm, yanıb-yaxılıram.
Efirlərdə mübtəda ilə xəbərin yeri dəyişdirilir, ahəng qanunu tamamilə pozulur, vurğular düzgün işlənmir. Türkcə intonasiya efiri doldurub. Aparıcı küçə, bazar ifadələri ilə efirə çıxıb açıq-saçıq geyimini nümayiş etdirir, pəltək danışır, nə “s” deyə bilir, nə “r”, nə nitq mədəniyyəti var, nə davranış mədəniyyəti. Bəs televiziya rəhbərləri hara baxır?”
Jurnalistika fakültəsində aparıcılıq məktəbi açılsın
Ofeliya Sənani dedi ki, hər gün evlərimizə daxil olan televiziya verilişlərində həm davranış qaydalarında, həm dildə yol verilən qüsurlar ən qiymətli mənəvi dəyərlərimizə zərbə vurur: “Nəvələrimizin gələcəkdə necə cəmiyyətdə yaşayacaqlarının indidən dərdini çəkirəm. Qüsurlu verilişlər kriminallara da yol açır. Hər gün bu qədər ölüm hadisəsi mən hesab etmirəm ki, yol qəzalarına görədir. İnsanlar bu səviyyəsiz verilişlərə baxıb, əsəbdən infarkt keçirilər. Araşdırma aparılsa, əminəm ki, ciddi faktlar ortaya çıxar”.
Təcrübəli diktor təklif etdi ki, jurnalistika fakültəsində televiziya aparıcıları və diktorlarla bağlı kadr hazırlığı aparılsın: “Hərdən düşünürəm, nə yaxşı ki, “Mədəniyyət” telekanalı var. Nə yaxşı ki, “Az.TV”, “İTV” televiziya ənənələrini qoruyub saxlayıb”.
Nəsir Əhmədli dedi ki, sovet dönəmində ədəbi dilin normalarına daha ciddi nəzarət olunurdu, nəinki müstəqillik dövründə. O, “Qloballaşma şəraitində Azərbaycan dilindən zamanın tələbinə uyğun istifadə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən də söz açdı.
“Uşağınızı da normal dillə əzizləyin”
Alxan Bayramoğlu təhsil səviyyəsinin yüksəldilməsindən söz açdı: “Ucdantutma hamıya attestat verildiyinə görə savadsızlar ordusu yaranıb, onlar da efirə yol açıb. Bu gün inflyasiya dilimizə də təsir edib. İndi efirlərdən ən yüksək faiz göstəricisi olan “yüz faiz” əvəzinə, “min faiz”, “milyon faiz” ifadəsi işlənir”.
Tanınmış radioaparıcı Həqiqət Cabbarova bildirdi ki, problemlərə nəinki TV və radio proqramlarında, hətta orta məktəb dərsliklərində, müxtəlif internet saytları və reklamlarda rast gəlinməsi kütləvi hal alıb. Ona görə də məktəblə yanaşı valideynlərin də üzərinə böyük məsuliyyət düşür: “Nəvəmin 2 yaşı var. O gün suyu göstərib deyir, “mənə şu ver”. Halbuki “su” deyə bilir. Bir neçə dəfə məşq etdirib, ona düzgün tələffüzü öyrətdim. Övladlarıma da deyirəm, uşağı əzizləyəndə normal dildə danışın, yaddaşının ən iti vaxtında dilini yanlış ifadələrə öyrətməyin”.
Sevil HİLALQIZI