15 Oktyabr 2015 15:05
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yalnız dünyanın qabaqcıl klinikalarında icra oluna bilən əməliyyat baş tutub.

ATU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həkimlər çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi əməliyyatını eyni zamanda aparıblar. Orta yaşlı qadında aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.

Bu mürəkkəb əməliyyat ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları professor Çingiz Rəhimov, assistent Məhəmməd Davudov və plastik cərrah Araz Salmanovun başçılığı altında iki briqada tərəfindən aparılıb.

Prof. Çingiz Rəhimovun sözlərinə görə, birinci briqada çənədəki şişin xaric edilməsi ilə məşğul olub. Çənə tam açılandan sonra çənənin patoloji hissəsi və onunla birgə həmin hissədəki dişlər götürülüb. Həmin müddət ərzində isə ikinci briqada incik sümüyünü damarlarla bilrikdə götürərək, çıxarılan çənənin yerinə yerləşdirib. Və həmin damar ayaqcıqları bu sahəni təchiz edən arteriya və venaya birləşdirilib. Köçürülən sinir qanla yenidən təchiz olunduğundan, ağız boşluğunda implantların üzərində dişlər qoyulub.

Assistent Məhəmməd Davudov bu əməliyyatları üz-çənə cərrahiyyəsində son nailiyyət kimi qiymətləndirir: “Bu, mikrocərrahiyyə texnikasının tətbiqilə icra olunan əməliyyatlardır. Bu əməliyyatın daha bir unikallığı ondadır ki, burada həm şişin götürülməsi, həm qüsurun aradan qaldırılması, eyni zamanda xəstənin protez reablitasiyası eyni mərhələdə baş tutub”.

Əməliyyatdan öncə hazırlıq prosesində ən muasir kompüter texnologiyalarından istifadə etməklə virtual modelləşmə ilə planlaşdırılma aparılıb. Əməliyyat xüsusi naviqasyon qurğudan istifadə etməklə yüksək ixtisaslı cərrahlar tərəfindən həyata keçirilib.


Müəllif: