15 Oktyabr 2015 16:18
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nərimanov” metrostansiyasında dünyaca məşhur əsərlərə baxmaq imkanı yaradılıb

“Nərimanov” metrostansiyasının keçidlərində “Bakı Metropoliteni” QSC-nin “AtraBank”ASC ilə birlikdə təşkil etdiyi “Dünya rəssamları” sərgisinin açılışı olub.

Təqdimat mərasimində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev və maliyyə departamentinin xidmət şöbəsinin rəisi Lalə Babayeva, “AtraBank”ın baş direktoru Pərvin Nəbiyev çıxış edərək, sərginin məram və məqsədləri barədə məlumat veriblər. Bildirilib ki, bu, “Bakı Metropoliteni”QSC-nin “MetroGallery” layihəsi çərçivəsində həyata keçirdiyi üçüncü belə sosial aksiyadır. Bundan əvvəl elə bu stansiyanın keçidlərində talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. “Gənclik” stansiyasında isə fotoqrafların sərgisi hazırda davam edir.

Nəsimi Paşayev deyib ki, “Dünya rəssamları” sərgisinin keçirilməsində əsas məqsəd metro sərnişinlərini, eləcə də şəhərimizin sakinlərini və qonaqlarının diqqətini dünyanın təsviri sənət dahilərinin əsərlərinə bir daha yönəltməklə, cəmiyyətdə maarifləndirmə işini gücləndirmək, gənc nəsillərin, xüsusən azyaşlı uşaqları maraq dünyasının formalaşdırılmasına təsir göstərmək və ümumən, insanlara xoş ovqat bəxş etməkdir.

Sərgidə dünyanın ən məşhur rəssamlarının 85 rəsm əsərinin reproduksiyası nümayiş etdirilir. Onlardan 15-i avtoportretdir. Ümumiyyətlə, 70 əsər nadir dünya sənət incisi hesab edilir. Stendlərin yerləşdirildiyi guşələrdə əsərlər və müəllifləri haqqında üç dildə (Azərbaycan, ingilis və rus) məlumat yerləşdirilib.
Təqdimat mərasimində ölkənin mədəniyyət ictimaiyyətinin nümayəndələri də iştirak edirdilər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının təmayül fənləri üzrə direktor müavini Kəmalə Kərimova ilk dəfə Stokholm metrosunda belə bir sərginin təşkil olunduğunu bildirib: “Bu təkcə sənətsevərlər üçün deyil, bütün insanlar üçün maraqlı layihədir. Sərgi yorğun, gərgin, eləcə də zövqünü oxşamaq istəyən insanlar üçün çox effektli vasitədir. Sənətsevərlər adından metropoliten rəhbərliyinə təşəkkür edirik”.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Anar Qurbanov, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov və başqaları layihə ilə bağlı fikirlərini bölüşərək, sərginin təşəbbüskarlarına və təşkilatçılarına təşəkkürlərini bildiriblər. Bu tip layihələrin cəmiyyətdəki rolunu və təsir gücünü xüsusi qeyd edən qonaqlar, eləcə də sərnişinlər belə aksiyaların davamlı olması ilə bağlı arzularını ifadə ediblər.
Qeyd edək ki, nümayiş etdirilən əsərlərin hər biri ilə virtual tanışlıq da mümkündür. Bunun üçün smatrfon və ya planşetə “QR-Code reader” proqramı yüklənməlidir. Onu tamaşa etdiyiniz əsərin üzərindəki xüsusi QR-koda yaxınlaşdırıb, Bakı metropoliteninin rəsmi internet səhifəsi metro.gov.az-da yerləşdirilmiş “Artgallery” bölməsinə daxil olmaq və hər bir əsər haqqında ayrıca ətraflı məlumat almaq mümkündür.
“Dünya rəssamları” sərgisi 2016-cı il aprelin 15-nə kimi davam edəcək.

Naibə QURBANOVA


Müəllif: