27 Oktyabr 2015 11:24
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi illik dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarını müvəqqəti dayandırır.

Bu haqda Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasının Vergilər Nazirliyi qarşısında qoyduğu tapşırıqlara həsr olunmuş kollegiya yığıncağında qərar verilib.

İclasda çıxış edən Vergilər naziri Fazil Məmmədov deyib ki, dövlət başçısı ölkədə yaranmış yeni iqtisadi vəziyyətdə vergi orqanlarının əsas vəzifələri kimi onların daha şəffaf və səmərəli işləməsini, əlverişli biznes mühitinin formalaşdırılmasını, dövlət büdcəsinin gəlirlərinin artırılmasının təmin edilməsi üçün vergi potensialının düzgün müəyyənləşdirilməsini və yeni mənbələrin aşkar edilərək, vergi bazasının genişləndirilməsini, vergilərin tam həcmdə və vaxtında ödənilməsini, büdcənin cari xərclərinin vergi və gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına təmin olunmasını müəyyən edib.

Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən nazir ilk növbədə lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edilib ki, ilk növbədə yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsi və hüquq pozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır: “Bu, həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcək”.

70 min obyekt yoxlamadan azad edilir

Fazil Məmmədov illik dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək: “Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olmuşdu”.

Əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan Fazil Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.

Vergi ödənişinin həcmi artacaq

Nazirin vergi yoxlamalarının dayandırılması ilə bağlı göstərişini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov sahibkarlığın inkişafı üçün bu qərarın vacib olduğunu deyir: “İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsini kiçik və orta sahibkarların fəaliyyəti təşkil edir. Ölkənin həm ixrac potensialının, həm də iqtisadi gəlirlərinin təmin olunmasında bilavasitə həmin qrupa daxil olan sahibkarlar iştirak edirlər. Azərbaycanda da son vaxtlar sahibkarlığın inkişaf etdirilməsində əsas hədəf məhz bu qrup seçilib.

Prezidentin ölkədə sahibkarlığın inkişafına əngəl törədən maneələrin aradan qaldırılmasına dair bütün çağırışları və gördüyü tədbirlər kiçik və orta sahibkarların fəaliyyətinə geniş imkanlar açmaq və buna meydan vermək məqsədi daşıyır. Çünki əvvəlki izahat və şərhlərimizdə də qeyd etmişdik ki, qanunsuz yoxlamaların ən ağır nəticəsi kiçik və orta sahibkarlığın üzərinə düşür.

Başqa sözlə, iri sahibkarlar onlara qarşı yönələn basqılardan pis-yaxşı müdafiə oluna və bundan müəyyən itkilər verməklə olsa da, çıxa bilirlər. Bu mənada, vergilər naziri Fazil Məmmədovun illik dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş vergi ödəyən sahibkarlıq subyektlərində səyyar Vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstərişi olduqca əhəmiyyətli nəticələr verəcək. 70 minə yaxın vergi ödəyicisi böyük ordu və qüvvə deməkdir. Bu, onlara fəaliyyətlərinə geniş imkanlar açacaq və vergi ödənişi həcminin artması ilə nəticələnəcək".

“Bu, təkcə vergi yükü ilə əlaqədar deyil”

Vergidən yayınmaq məqsədi ilə mövcud iş yerlərinin süni surətdə ixtisara salınmasına gəlincə, ekspert bunu bir qədər ətraflı nəzərdən keçirmək və dəqiq təhlil etmək lazım olduğunu deyir: “İş yerlərinin bağlanması təkcə vergi yükü ilə əlaqədar deyil. Dünyada və ölkəmizdə ümumən iqtisadi aktivlik azalıb. Ticarət və istehsal zəifləyib. Bunu da nəzərə almaq lazımdır.

Sözsüz ki, neqativ hallar da var. Ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradları bu mənada ciddi yanaşma tələb edir. Çünki məntiqlə, qeyri-neft sektoru inkişaf edirsə və artım varsa, iş yerləri niyə azalmalıdır ki? Burada vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları nə dərəcədə rol oynayıb? Bunlar təhlil olunmalı və aşkara çıxarılmalıdır".
Ekspertə görə, yoxlamalar olmadığı müddətdə bir çox mətləblər istər-istəməz üzə çıxacaq və mövcud vergi rejiminin də məhz hansı istiqamətlər üzrə yumşaldılmalı olduğu aydınlaşacaq.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər