30 Oktyabr 2015 18:21
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya mətbuat nümayəndələrini qəbul edib.

Teleqraf.com-a xəbər verir ki, iki ölkə arasında mədəni əlaqələri yüksək dəyərləndirən nazir Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin dərin kökü olduğunu, bu əlaqələrin 200 ildən də artıq tarixi faktlara söykəndiyini bildirib: "Uzunmüddətli tərəfdaşlıq ikitərəfli mədəni əlaqələrə də təsirsiz ötüşməyib, bütün bu əlaqələr xalqlarımızın dünyagörüşü və mədəniyyətində iz buraxıb.

Bu gün də əlaqələr davamlı olaraq inkişaf etdirilir. Hər il Azərbaycana Rusiyadan incəsənətin müxtəlif sahələrini təmsil edən mədəniyyət xadimləri dəvət olunur. Onların sırasına teatr xadimləri, kinorejissorlar, musiqiçilər daxildir. Mədəni mübadilə çərçivəsində ikitərəfli master-klasslar, konsert, sərgi və digər mədəni layihələr böyük uğurla həyata keçirilir. Bundan əlavə muzey və kitabxana sahəsində də sıx əməkdaşlıq layihələri gerçəkləşməkdədir”.

Nazir qonaqlarla söhbəti zamanı həmçinin Azərbaycan xalqının mədəni dialoqa hər zaman açıq olduğunu, bunun sübutu olaraq ölkədə keçirilən Mədəniyyətlərarası Dialoq Forumu, azsaylı xalqların folklor festivallarını misal göstərib.

Azərbaycanın tarixi abidələri haqqında qonaqları məlumatlandıran nazir onları bu tarixi məkanları ziyarətə dəvət edib.

Mədəniyyətlərarası dialoq millətləri və xalqları bir-birinə yaxınlaşdırır. Azərbaycanda keçirilən beynəlxalq mədəni tədbirlər və festivallar barədə qonaqları məlumatlandıran nazir bu tədbirlərdə Rusiya sənətçilərinin və mədəniyyət xadimlərinin də yaxından və aktiv şəkildə iştirak etdiyini bildirib.

Nazir həmçinin Azərbaycanın turizm potensialı barədə danışaraq bu sahədə də ikitərəfli əlaqələrin inkişaf etdirildiyini, Rusiyada keçirilən turizm sərgilərində Azərbaycanın turizm potensialının tanıdıldığını, həmçinin Rusiyadan Azərbaycana gələn turistlərin sayının illər ərzində heç də azalmadığını bildirib.
Qeyd edilib ki, Azərbaycana gələn turistlərin siyahısında Rusiyalı turistlər ikinci və üçüncü yerləri bölüşürlər. Bu sahədə yeni layihələrin də həyata keçiriləcəyini vurğulayan nazir Rusiya və Azərbaycan arasında daim dinamik əlaqələrin inkişafda olduğunu nəzərə çatdırıb.

Görüş zamanı nazir Rusiya mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər