19 Aprel 2014 17:00
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elxan Süleymanov: “Beynəlxalq təşkilatların qərarları salfet kağızından da keyfiyyətsizdir”

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində Yevlax şəhərində Heydər Əliyev Mərkəzində regional toplantı keçirilib.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov layihə barədə konfrans iştirakçılarına məlumat verib. Tədbirdə əvvəlcə “Sərsəng harayı” rəsm müsabiqəsində qalib olan gənc rəssamlara və yazı müsabiqəsində yer tutan jurnalistlərə diplomlar və pul mükafatı verilib. Daha sonra Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub bildirib ki, Sərsəng su anbarı ermənilərin işğalı altındadır və bu su anbarında baş verə biləcək və ya törədilə biləcək təhlükə diqqət mərkəzində olmalıdır.

Layihənin koordinatoru Samir İsayev bildirib ki, 2013-cü ilin may ayında bu layihəyə start verilərkən bölgə əhalisinin dəstəyinə böyük ümidlər bəslənilib. Onun sözlərinə görə, müəyyən olunmuş bölgələrdə fəaliyyətə başladıqdan sonra əhali tərəfindən irəli sürülən təşəbbüslərə dəstək verilib:

“Bunlardan biri o idi ki, bölgə yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyinə və beynəlxalq təşkilatlar qarşısında məsələnin qaldırılmasını istəyirdilər. 4 mindən artıq bölgə əhalisinin müraciətləri toplanıb. Bu müraciətlər AVCİYA tərəfindən tərcümə edilərək beynəlxalq qurumlara göndərilir”.

Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanov bildirib ki, hələ 110 il bundan qabaq Azərbaycan xalqını soyqırım edən, indi onların törətdiyi işğal faktı və nəticə etibarı bu gün çəkdiyimiz real əzab-əziyyət haqqında məlumatlı olmalıyıq. Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağla yanaşı, 7 ətraf rayonu işğal edib və Naxçıvanı blokadaya salıb:

“Bu barədə dünya ictimaiyyəti susur və Azərbaycana kömək etmək fikrində deyil. Amma ən ciddi məsələlərdən biri odur ki, Sərsəng su anbarı ilə bağlı ötən il layihəyə başlayanda əhali arasında sorğular keçirdik. Bölgədə olan 6 rayonun sakinləri -təxminən 1500 nəfər arasında keçirilən sorğuda Tərtərdən bir neçə kilometr uzaqda olan Sərsəng su anbarı barədə ən az 10-15 nəfərin xəbərdar olduğu məlum oldu. Bu təkcə AVCİYA-nın xörəyi deyil, bizim assosiasiyanın gücü çatacaq bir iş deyil”.

E. Süleymanov qeyd edib ki, Sərsənglə bağlı AŞ PA-nın qətnaməsi qəbul olundu, amma ermənilər öz xalqını aldadaraq bu qətnamənin qəbulunun dayandırıldığını deyir: “Heç kimi qorxutmaq istəmirəm, amma bu bölgənin sakinləri təhlükəli bir həyat yaşayır. 1976-cı ildə tikilən bu bənd baxımsızlıq ucbatından bərbad vəziyyətdədir. Mənə bildirildi ki, işğala qədər bu rayonun ərazisində bir neçə artezian olub. Amma bu gün Tərtərdə 700-ə yaxın artezian quyusu var. Tərtər çayının yataqları vasitəsilə yeraltı sular əmələ gəlir və bu artezian quyuları nəticəsində həmin sular quruyur. Yeraltı suların quruması isə bioloji fəlakətdir. Bunlar adi şeylər deyil, belə məsələləri dərk etməliyik. Tək prezidentdən nəsə gözləmək ədalətsizlikdir. Ona görə də hamı bu sahədə dövlət başçısına kömək etməlidir. Biz Sərsəng su anbarı ilə bağlı xeyli cəhdlər göstərdik. Lakin davamlı iş nəticəsində AŞ PA-da qətnamənin qəbul edilməsinə nail olduq. Bu qərar bizim üçün çox mühüm qərar idi. Mən hər zaman bildirirəm ki, beynəlxalq təşkilatların qərarları salfet kağızından da keyfiyyətsizdir. Bu qərarlar arxivləri doldurmaq üçün qəbul edilən qərarlardır. Onların əhəmiyyətini Azərbaycan olaraq görmürük”.

Millət vəkili qeyd edib ki, yaradıcılıq sahəsində “Sərsəng harayı” layihəsinə dəstək vermək üçün mahnı müsabiqəsi də keçiriləcək.

Bəxtiyar MƏMMƏDLİ


Müəllif: