17 Noyabr 2015 11:18
2 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını alan, ölkə ərazisini zərərli orqanizmlərdən qoruyan, aqrokimyəvi vasitələrin, pestisidlərin idxalı, ixracı və dövriyyəsinə nəzarət edən Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) 2007-ci ildə fəaliyyətə başladı.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılmış DFNX-ə bir ildən artıqdır Camal Quliyev rəhbərlik edir.

DFNX-nin hazırkı fəaliyyəti, bu sahənin problemləri və perspektivləri ilə oxucuları tanış etmək üçün Camal Quliyevlə söhbətləşdik.

Tarix, ədəbiyyat müəllimi fitosanitarlıq edib

Camal Quliyevin sözlərinə görə, sadə görünməsinə baxmayaraq, kənd təsərrüfatı riskli və mürəkkəb sahədir. Bu sahədə fitosanitar nəzarət ən önəmli yerlərdən birini tutur. Bitkilər təbiətin ən həssas canlıları olduğundan, coğrafiya, antropogen və sair amillər ayrı-ayrılıqda onların inkişafında nəzərəçarpacaq dərəcədə ciddi rol oynayır. Ona görə də bitkilərin xüsusi qayğıkeşliyə ehtiyacı var ki, bu qayğını da bitkilərə həkm kimi ilk növbədə fitosanitarlar göstərir.

Fitosanitar sahəsində uzun illər müəyyən problemlərin yarandığını və hazırda bu problemlərin aradan qaldırılması yönündə addımlar atıldığını bildirən Camal Quliyevin fikrincə, pis həkim də, naşı baytar da öz sahəsində müəyyən qədər fəaliyyət göstərə bilir, amma qeyri-peşəkar fitosanitarın öz sahəsində işləməsi daha çətindir: “Fitosanitar bitki həkimidir, o, bitki ilə davranışın bütün incəliklərini bilməlidir. Məsələn, günün isti saatlarında bitkiyə zəhərli kimyəvi preparat vurmaq bitkidə ciddi stress yaradır və onu məhv edə bilər.

Çox təəssüf ki, bizim sahədə hətta tarix, ədəbiyyat müəllimi də işləyib. Kənd təsərrüfatına barmaqarası baxılıb, uzun illər bu sahədə boşluqlar yaranıb və bu da fitosanitar sahəsinin inkişafına mane olub. Hazırda Kənd Təsərrüfatı Nazirliyi elmi əsaslandırılmış aqrar siyasət həyata keçirdiyinə görə aparılan ilk yeniliklərdən biri kadrların qabiliyyətinə görə seçilməsidir. Biz də kadrları qabiliyyətinə görə seçirik ki, fitosanitar xidməti təkmilləşsin.

Kadr hazırlığında problemlər var deyə, ixtisas üzrə bazası olan mütəxəssislərin yeni fəaliyyətə başlayacaq tədris mərkəzində hazırlıq keçməsini nəzərdə tutmuşuq".

Sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə ölkə Prezidentinin islahatlar xarakterli qərarlarına toxunan qurum rəisi bildirdi ki, bu qərarlardan sonra yoxlamaları dayandırılmayan dövlət qurumlardan birincisi Səhiyyə Nazirliyi, ikincisi DFNX və Dövlət Baytarlıq Nəzarəti Xidmətidir: “Bu da bir daha sübut edir ki, insan sağlamlığı üçün fitosanitar xidməti necə əhəmiyyətli rol oynayır...”

Kimyəvi dərmanlar insanlara təhlükə yaratmamalıdır

Pestisidlərin tətbiqində və dövriyyəsində kifayət qədər problemlər olduğunu deyən DFNX rəisi əlavə etdi ki, hazırda bu problemlərin aradan qaldırılmasında mühüm işlər görülür: “Pestisidlər düzgün tətbiq olunmayanda kənd təsərrüfatı məhsullarında qalıq miqdarı normadan artıq olur ki, bu da insanların həyatına təhlükədir. Bunu nəzərə alaraq biz fitosanitar tədbirlər görərkən biosenoloji prinsipin tətbiqinə başlamışıq.

Həmin prinsipə görə kimyəvi preparatlar o vaxt tətbiq olunmalıdır ki, bu, bitki mühafizəsində vacibdir və ekoloji, sosial, iqtisadi münasibətlərdə məqsədəuyğundur. Əvvəllər əkin sahəsində xəstəlik və həşərat aşkarlanması kimyəvi mübarizənin başlanması üçün bir siqnal idi. Elm inkişaf etdikcə sübut olundu ki, tətbiq olunan preparat özünü iqtisadi baxımdan doğrultmalıdır. Sonradan bura ekoloji amil də daxil oldu. Eyni zamanda, insanların mənafeyi naminə sosial münasibətlərin rolu da diqqətə alındı. Bütün dünyada tətbiq olunan bu metodun biz də Azərbaycanda tətbiqinə çalışırıq. Bu, o deməkdir ki, kimyəvi preparat nadir və ən zəruri hallarda tətbiq olunmalıdır.

Müstəqillik dövründə ilk dəfə bu il 4 bioloji laboratoriyanın işlək vəziyyətə gətirilməsinə başlamışıq. O laboratoriyada 40 kiloqrama qədər trixoqrama deyilən zərərsiz parazit yetişdirilib. Bu parazitlər pambıq sovkasının yumurtası ilə qidalanır və məhsuldarlığın artmasına kömək edir".

Kartofu yararsız edən güvədir

Tovuz, Şəmkir, Ağstafa rayonundan fermerlər şikayətlənir ki, kartofları yararsız vəziyyətə düşür. Nazir də çıxışında bildirmişdi ki, kartofu kəpənəklər yeyir. Bunlar xüsusi növ kəpənəklərdir? Suallarımıza cavabda Camal Quliyev dedi ki, zərərverici olaraq söhbət kartof güvəsindən gedir, kəpənəkdən yox: “FAO-nun məlumatına görə, hər il zərərli orqanizmlərin təsirindən kənd təsərrüfatı 35 faiz itirir. Kartof güvəsi də qlobal problemlərdəndir.

Hazırda bizdə Milli Fəaliyyət planına uyğun olaraq buna qarşı aparılan mübarizə tədbirləri nəticəsində keçən il 90 faiz məhsuldarlığa nail olduq. Onu da deyim ki, fermerlər də tək becərmə zamanı deyil, saxlama zamanı da aqrotexniki tədbirlərə riayət etməlidir. Fermer sahəni selləmə suvarır, kartof yumruları üzə çıxır, kəpənək də öz yumurtasını kartofun gözcüyünə qoyub çoxalır.

Ona görə də fermerlər bu məsələdə bizə dəstək olmalıdırlar. Bu yaxınlarda Tovuz fermerləri ilə müşavirə keçirəcəyik. Ümumiyyətlə, yerlərdə tez-tez regional tədbirlərin əhəmiyyətini yüksək dəyərləndiririk".

Ərzaq kartofunu toxumluq kartof adına satanlar cəzalanacaq

Ötən il mətbuatda belə bir fikir yayıldı ki, Gürcüstandan Ermənistan vasitəsilə Azərbaycana kartof xərçəngi xəstəliyi gətirilib. Bu məsələyə münasibət bildirən Camal Quliyev dedi ki, Karantin Ekspertiza Mərkəzinin laboratoriyalarında dəfələrlə araşdırılma aparılıb və belə bir məlumat öz təsdiqini tapmayıb.
Azərbaycana xaricdən kartof toxumu gətirildiyini xatırladan həmsöhbətimizin sözlərinə görə, əsasən Tovuz və Cəlilabad rayonlarından olan vətəndaşlar var ki, xaricdən ərzaq adı ilə orta ölçülü toxum keyfiyyətinə malik olmayan kartofu vaqonlarla alıb, Azərbaycanda toxumluq kartof kimi satıblar: “Gömrük Komitəsi ilə birgə müzakirə aparmışıq, bu məsələ hazırda ciddi araşdırılır, hansı rayonlarda əkilibsə bu, öyrənilir və belə şəxslər barəsində aidiyyəti qurumlara məlumat veriləcək. Növbəti ildən yəqin ki, Rusiyanın bəzi vilayətlərindən gömrük idxalına qadağa qoyulacaq”.

Fitosanitar onu da dedi ki, bitki mühafizəsində ən ağrılı problemlərdən biri pay torpaqlarının kiçik sahəli olmasıdır: “Fermerlər ayrı-ayrı məhsul istehsalı ilə məşğul olduqları üçün o sahələrdə vahid bitki mühafizə tədbirlərini aparmaq qeyri-mümkündür. Ona görə də kiçik ölçülü pay torpaqlarının korporasiya halında birləşməsinə çox ehtiyac var”.

5 ton keyfiyyətsiz pestisid zərərsizləşdirildi

Qubadan bir fermerin şikayətini Xidmət rəisinin diqqətinə çatdırdıq. Fermer alma bağlarında 15-20 dəfə mübarizə tədbiri aparıb, effekti olmayıb. Camal Quliyev dedi ki, bu məsələ bir neçə amillə əlaqədardır: “Belə hallara kimyəvi preparatların keyfiyyətsiz olması, zərərli orqanizmlərin düzgün diaqnostika edilməməsi və preparatlardan düzgün istifadə olunmaması səbəb ola bilər.

Bu il 5 tondan artıq vaxtı keçmiş pestisid zərərsizləşdirildi və keyfiyyətsiz preparatların həm də idxalına qadağa qoyuldu. Çox təəssüf ki, fermerlərimiz bir preparatdan davamlı olaraq istifadə edirlər, bu isə düzgün deyil. Halbuki bir preparatdan vegetasiya müddətində bir, maksimum iki dəfə istifadə oluna bilər. Nadir preparatlar var ki, 3 dəfə istifadə edilir. Məhz bu problemlərlə bağlı Qubada müşavirə keçirdik.

Fermerlərimiz öz üzərlərində işləməli, təkmilləşməli, dünyagörüşlərini artırmalıdırlar. Qaynar xətt, elektron xidmət fəaliyyət göstərir. Mütəxəssis rəyi alıb ona uyğun fəaliyyət göstərməlidirlər".

Əkin sahələrinin qənimi

Camal Quliyev dedi ki, bitkiçilikdə məhsuldarlığa gəmiricilər və çəyirtkəkimilər də ciddi ziyan vurur: “2013-cü ildə İrandan, 2014-cü ildə Gürcüstan və Ermənistandan, bu il Terek çayı vadisindən çəyirtkələr ölkəmizə miqrasiya edib. Eyni zamanda, işğal altında olan ərazilərimizdə heç bir fitosanitar tədbirlər görülmədiyindən, bu il Ağdam və Tərtər rayonlarına miqrasiyası baş verib.

Qürurverici faktdır ki, 3 ildir bizim əkin sahələrinə çəyirtkələr daraşmır. Çünki mübarizə sistemli şəkildə davam etdirilir".

Camal Quliyevin sözlərinə görə, məhsuldarlıq bol olanda siçanabənzər gəmiricilər də çoxalır: “Bu il ərzində Dövlət Xidməti tərəfindən noyabr ayı ərzində siçanabənzər gəmiricilərin sayını müəyyən etmək məqsədilə ölkə üzrə ümumilikdə 47662 hektar sahədə müşahidə aparılıb və 25381 hektar sahədə gəmiricilərlə sirayətlənmə qeydə alınıb. Zərərvericilərin sayı iqtisadi ziyanvurma həddindən yüksək olan 7214 hektar sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib”.

Onun sözlərinə görə, bu il yem ehtiyatlarının artması və iqlim şəraitinin əlverişli olması səbəbindən siçanabənzər gəmiricilərin populyasiyasında ötən ilə nisbətən artım müşahidə olunur: “Eyni zamanda, işğal altında olan ərazilərdən həmsərhəd rayonlara gəmiricilərin miqrasiyası müşahidə olunur”.

Camal Quliyev zərərvericilərə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırdı: “Əkin sahələri vaxtında şumlandıqda, becərildikdə, suvarıldıqda, məhsul vaxtında və itkisiz yığıldıqda, yuvalarda olan gəmiricilər məhv olur”.

Ərikdə şirə xəstəliyi yoxdur

Bu il əriyin məhsuldarlığı zəif oldu. Öz məhsulunu satan fermerlər dedi ki, ərikdə şirə xəstəliyi yaranıb, şüa vurub və sair...

Ekspert ərik meyvəsinin az məhsul verməsini belə izah etdi: “Əriyə bərabərqanadlı həşəratlar daraşır ki, onlara el arasında bit də deyilir. Bu həşəratlar öz ifrazatlarını əriyin üzərinə tökdüyündən üzəri şirəli olur. Amma bu il səbəb əriyin çiçəkləyən dövründə yağıntının miqdarının çox olmasıdır”.

Hazırda meyvələrin əmtəə görünüşünün itməsi, almanın, narın və sair meyvələrin üzərində çopurluq yaranmasının səbəbi ilə maraqlandıq. Xidmət rəisi dedi ki, meyvələrdə dəmgil xəstəliyi deyilən bir mərəz var, yağıntının miqdarı çox olan illərdə bu xəstəlik daha da artır: “Azərbaycanın idxalçı ölkədən ixracatçı ölkəyə keçilməsi cənab Prezidentin ən böyük arzularındandır. Bu istiqamətdə nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bizim narın həm dadına, həm görünüşünə görə fərqli xüsusiyyətləri var. Hazırda mütəmadi mübarizə tədbirləri aparılır ki, narın görkəmindəki problemlər aradan qaldırılsın”.

Sevil Hilalqızı


Müəllif: