Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu musiqi məktəbi 1987-ci ildə yaradılıb. Məktəb binasının darısqallığı son vaxtalar burada tədrisin müasir səviyyədə qurulmasına əngəl törədirdi. Bu çətinliyi nəzərə alaraq muxtar respublika rəhbərliyi məktəb üçün yeni bina tikilməsi haqqında qərar verib. Şəhərin görməli yerlərindən birində - Atatürk küçəsində ümumi sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli yaraşıqlı bina qısa müddətdə ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnəcək. Bunun üçün 4 şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqla təchiz edilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni mədəniyyət və incəsənət ocaqlarının gənc nəslin istifadəsinə verilməsi, mövcud olanların yüksək səviyyədə bərpası, onların müasir avadanlıqla təchiz edilməsi dövlətin mədəniyyət sahəsinə hərtərəfli qayğısının bariz nümunəsidir.
Dövlətimizin başçısı məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.