14 Yanvar 2016 12:07
1 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə əlillərin sayı azalır. 2014-cü ildə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3937 nəfər azalıb. 2015-ci ildə isə isə bu azalma müvafiq olaraq 3600 nəfər və 3 min nəfər təşkil edib.

Ümumilikdə respublikada tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib.

Əmək və Əhlinin Sosial müdafiəsi naziri Səlim Müslümov hesab edir ki, son illər ölkədə əlilliyin təyinatına nəzarətin gücləndirilməsi təmin olunub ki, nəticədə əlilliyin intensivlik göstəriciləri azalmağa başlayıb.

Nazir bildirib ki, aparılan təhlillər reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə (I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə) təkrar əlillik üçün müraciət etmələrinin həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılığa səbəb olduğunu, digər tərəfdən bu sahədə məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini artırdığını göstərir: “Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması və təkrar müayinə sayının azaldılması nəzərdə tutulmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edəcək. Beləliklə də bir il ərzində təkrar əlillik müayinələrindən keçən vətəndaşların sayının 275-280 min nəfərdən 35-40 min nəfərə qədər azalmasına, bununla da əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına nail olunacaq”.

Əlillik necə təyin olunur?

Əlilliyin təyini hər zaman müzakirə mövzusu olan məsələlərdəndir. Bunun üçün Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparılır.

TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxt müayinələri aparır və nəticəyə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edirlər.

Bu islahat tədbiri ölkədə ilkin əlilliyin azalması ilə müşahidə olunur. Ümumilikdə ilkin əlillik təyin olunanların müraciət edən vətəndaşlara nisbəti 2014-cü ilin dekabr ayı ilə müqayisədə 20 faiz azalıb.

Komissiyalar tərəfindən əlillik müayinəsinin nəticələrinə dair məlumatlar nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir.

Dərəcələr hansı qaydada və neçə müddətlik verilir?

“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.
Bütün əlillərə qanunvericiliklə müəyyən olunmuş növdə sosial yardım göstərilir. Əlilliyə görə təqaüd (pensiya) ancaq əlillik müəyyən edildiyi hallarda təyin edilir. Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik verilir.

Hər bir halda, tibbi-sosial ekspert komissiyasında müayinə olunarkən xəstəliyin və qüsurun xarakterindən asılı olmayaraq, xəstənin orqanizminin bütün sistemləri kompleks halında yoxlanılır.

Müayinə xəstənin peşə-əmək fəaliyyəti, fərdi xüsusiyyətləri və sosial uyğunlaşma imkanları nəzərə alınmaqla, tibbi etika və deontologiya prinsiplərinə əsaslanır. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir.

Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir.

Əlilliyə görə müavinətin təyin edilməsinə gəlincə, bunun üçün əlillik dərəcəsinin müddətini və səbəbini müəyyən edən TSEK-in müayinə aktından çıxarış, hərbi həkim komissiyasının qərarının surəti, ilkin və ya təkrar əlillik müayinəsinin aparılması üçün tələb olunan sənədlərin siyahısı, səhiyyə müəssisəsinin göndərişi (88№-li forma), şəxsiyyət vəsiqəsi tələb olunur. Əlilliyin səbəbindən asılı olaraq əlavə sənədlər də tələb oluna bilər. Həmin sənədlərlə TSEK-ə müraciət edən vətəndaş komissiya tərəfindən müayinə edildikdən sonra müayinənin nəticələrinə əsasən ona əlillik dərəcəsinin təyin edilib-edilməməsi barədə qərar çıxarılır.

Kimlər nə qədər müavinət alır?

Müavinətlərin məbləğinə gəlincə, ümumi səbəblərdən I qrup əlilliyə görə aylıq sosial müavinətin məbləği 67 manatdır. Bundan əlavə, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara ”Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə qeyd olunan şəxslərin maddi təminatının yaxşılaşdırılması üçün həmin şəxslərə 67 manat aylıq sosial müavinətdən əlavə, 1 aprel 2014-cü il tarixdən 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü də (yəni cəmi 127 manat) ödənilir.

Ümumi səbəblərdən II qrup əlilliyə görə aylıq sosial müavinətin məbləği 50 manat, III qrup əlilliyə görə aylıq sosial müavinətin məbləği isə 43 manatdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar ” əlil olmuş şəxslər əmək pensiyası almaq hüquqları olmadıqda onlara I qrup əlillərə 83 manat, II qrup əlillərə 66 manat, III qrup əlillərə isə 60 manat olmaqla aylıq sosial müavinət verilir.

Bununla yanaşı, bu təbəqədən olan I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğində olmaqla Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü də ödənilir.

Xəstəliklərin artması əlillərin də sayının artması deməkdir

Əhalinin ümumi sayına əlillərin sayının çoxluğu əksər dövlətlərdə problem kimi qiymətləndirilir. Çünki fiziki qüsurlu insanların faydalılıq əmsalı digərlərinə nisbətdə aşağı sayılır. Dünya praktikasında ölkə əhalisinin 10 faizinin əlil statusu alması normal hesab olunur. Ümumi tendensiya isə belədir ki, əhalinin sayı artdıqca əlilliyi olan insanların sayı da paralel olaraq artır.

Təsadüfi deyil ki, dünyada artıq əlil insanların sayı bir milyarda çatıb. Azərbaycanda isə yarım milyondan artıqdır. Bu say göstəricisinin səbəblərinə aydınlıq gətirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov deyir ki, xəstəliklərin və qəzaların sayının artması əlillərin də sayının artması deməkdir: “Statistikaya görə, ən çox əlillik dərəcəsi alan insanlar əsəb sistemi xəstəliklərindən əziyyət çəkən, ruhi davranış pozuntuları olan və anadangəlmə anomaliyaları olan insanlardır. Bundan əlavə, cəmiyyətdə müəyyən səbəblərdən yaranan və yayılan xəstəliklər əlilliyin yaranmasına səbəb olur. Yol-qəza hadisələri çoxaldıqca, eyni zamanda, fiziki qüsurlu insanların da sayı çoxalır. Bütün bunlar əlilliyin artma dinamikasına təsir edir”.

Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycanda olan əlillərin sayı ümumi əhalinin 6 faizini təşkil edir. Pensiya və müavinət alan əlillərin sayı isə 576 269 nəfərdir. Onların 5 faizini işləyən əlillər təşkil edir.

“Fiziki qüsurlu insanlara münasibət dəyişməlidir”

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyir ki, dünya ölkələri ilə müqayisədə bizdə əlilliyin səviyyəsi yüksək faiz deyil: “Say nisbəti müxtəlif səbəblərdən, o cümlədən demoqrafik situasiyadan asılı olan məsələdir. Bizdə yarım milyondan artıq əlil var, amma saxta əlillik statusu olanlar da az deyil. Lakin son vaxtlar bu məsələyə də diqqət yetirilir, müəyyən reformalar aparılır. Güman edirəm ki, təkrar yoxlamalar aparılarsa yenə azalma olar”.

Naibə Qurbanova


Müəllif: