22 Yanvar 2016 20:23
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV-nin efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 1 ay müddətinə bağlanması haqqında qəbul etdiyi qərarla bağlı mətbuat konfransı keçirib.


Teleqraf.com-un məlumatına görə, Mirşahin Ağayev öncə MTRŞ ilə rəhbərlik etdiyi telekanalın münasibətlərindən danışıb: “Münasibətlərimiz göz qabağındadır. MTRŞ bütün gücünü ANS-i qarabaqara izləməyə sərf edir. Bu qurumun qərarlarının böyük bir hissəsi ANS-lə bağlı olub. 2006-ci ildə ANS bağlananda Prezident bu qərarı ləğv etdi və biz fəaliyyətimizi davam etdirdik".


Mirşahin Ağayev problemin mənbəyini də açıqlayıb: "MTRŞ seriallarla bağlı bizə ödəməli olduğu maddi vəsaitin 40 min manatını hələ də verməyib. Biz onlara müraciət etdik. Hər şey də bundan sonra başladı".


Mirşahin Ağayev bildirib ki, ANS MTRŞ-ın qərarından məhkəmyə müraciət edəcək. "Onlara MTRŞ deməyimiz xoşlarına gəlməyib. Amma bu adı biz qoymamışıq”, - vitse-prezident əlavə edib.


Mirşahin Ağayev deyib ki, Şura ilə ANS arasında 43 məhkəmə çəkişməsi var. Onlardan biri televiziyanın xeyrinə yekunlaşıb. Digərləri isə davam edir.


Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyini nəzərə alınaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.


İlhamə Əbülfət
FOTO: Elçin Murad


Müəllif: