2 Fevral 2016 14:49
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı tərəfindən Fövqəladə Hallar Akademiyasında 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında deyib ki, Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral Gənclər Günü kimi qeyd edilir və gənclər diqqət, qayğı ilə əhatə olunub. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını söyləyib.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkədə gənclər siyasətinin formalaşdırılmasında Heydər Əliyevin böyük rolu var.

Vüsal Quliyev hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmalarında Heydər Əliyevin xüsusi əməyinin olduğunu vurğulayıb: “Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə 30 gənclər evi və mərkəzi fəaliyyət göstərir. Gənclər Fondu 2011-cü ildən fərdi gənclərin və gənclər təşkilatlarının müxtəlif təşəbbüslərini dəstəkləyir. Hətta ucqar regionlarında da gənclərin təşəbbüsləri Gənclər Fondu tərəfindən dəstəklənir”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gənclərə xalqa xidmət istiqamətində gördükləri işlərdə uğurlar arzulayıb: “Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsindən sonra gənclər xüsusi diqqət və qayğı ilə əhatə olunub. Gənclərimizə qayğı bir ənənədir. Məsələn, Hacı Zeynalabdin Tağıyev kimi insanlarımız da vaxtilə gənclərə, onların xaricdə nüfuzlu ali məktəblərdə təhsil almasına xüsusi diqqət yetirib. Bu gün prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir. Bizim Mübariz İbrahimov, Ramil Səfərov, işğalçı Ermənistanın hərbi vertolyotunu məhv edən İlkin Muradov kimi qəhrəman gənclərimiz var. Vətən torpaqlarının müdafiəsi uğrunda şəhid olan gənclərimizin ruhu qarşısında baş əyirik”.

Etibar Mirzəyev Binəqədidə yaşayış binasında baş verən yanğın zamanı əksəriyyəti gənc olan xilasedicilərin həyatlarını təhlükəyə atmaqdan çəkinməyərək sakinlərin 90 faizini xilas etdiklərini söyləyib: “Günəşli platformasında baş verən yanğın zamanı gənc xilasedicilərin böyük fədakarlıqla xilasetmə işlərində iştirak etməsini də xüsusi qeyd etmək istəyirəm. Bizim nazirlik də, akademiya da gəncdir. Gənclərin formalaşmasında akademiyanın üzərinə çox böyük məsuliyyət düşür. Mən müstəqil Azərbaycan üçün kadr potensialının yetişdirilməsində akademiyaya uğurlar arzulayıram”.
Daha sonra xidmətdə fərqlənən FHN əməkdaşları təltif edilib.

Naibə QURBANOVA


Müəllif: