Sirr deyil ki, sosial şəbəkələr bəzən müxtəlif peşə sahiblərinin qazanc yerinə çevrilir. Qəribə olsa da bu peşə sahibləri içərisində həkimlər, xüsusən də plastik cərrahlar da var. Fəaliyyətini nümayiş etdirən həkimlərin buradakı dostları bəzi hallarda sonradan pasiyentə çevrilirlər. Müşahidələrə əsasən deyə bilərik ki, sosial şəbəkə istifadəçilərinin böyük bir hissəsinin marağına səbəb olan rinoplastika - burunun estetik-cərrahi əməliyyatı və abdominoplastika - bədən korreksiyasının bir üsulu olan qarın plastikasıdır.
İkinci ilə bağlı xeyli paylaşımlar olur ki, bu da zahiri görünüşə hədisz diqqət yetirənlərin sayının çox olduğu bir vaxtda maraqla qarşılanır.
Plastik cərrah Elman Əliyevin əməliyyat etdiyi xəstələrdən birinin şəklinə Aysel Nəzərova adlı xanımın yazdığı şərh diqqətimizi çəkdi: “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...” Pasiyent olaraq elə sözügedən xanımla həmsöhbət olub, əməliyyat səbəblərini öyrəndik.
35 yaşlı Aysel Nəzərova deyir ki, ikinci övladı dünyaya gələndən sonra çəkisi artıb. Sonra pəhrizlə arıqlayan Aysel Nəzərovanın qarın nahiyəsində dəri sallanmaları olub. Ona görə də abdiminoplastika yolu ilə dəri sallanmalarından qurtulub.
Əməliyyatdan sonrakı görkəmindən məmnun qalan həmsöhbətimiz özünü 20 yaşında hiss etdiyini deyir. Bundan başqa, əməliyyatın psixoloji olaraq da ona böyük ruh yüksəkliyi verdiyini söyləyir.
Əməliyyat Aysel Nəzərovaya 1500 manata başa gəlib. Müsahibimiz iki il idman, pəhriz, aerobika ilə məşğul olsa da, bu vasitələrlə qarnının sallanmış dərisini yığmağın mümkün olmadığını deyir.
Əksər cərrahlar da dəri yığılmasının ancaq qarın gərmə əməliyyatı - abdiminoplastika ilə mümkünlüyünü deyirlər.
Təbabətdə abdominoplastika qarın divarındakı artıq yağ və dərinin çıxarılaraq, qarın divarındakı genişlənmiş əzələlərə forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsinə deyilir. Bu əməliyyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forması ləğv olunur, yenidən düz və incə görünüş qazanması təmin edilir, həmçinin xəstənin beli də incədilir.
Bu əməliyyatla qarın divarının əzələlərinin orta xətdə bir-birindən ayrılmasıyla meydana gəlmiş düz əzələ diastazı adı verilən problem də aradan qaldırılır.
Abdominoplastika əməliyyatı üçün ən uyğun pasiyentlər qarın divarındakı artıq toxumanı dieta və idmanla ata bilməyən sağlam insanlardır.
Qadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb qarın divarındakı əzələlərin və dərinin hamiləlik dövründə gərilərək elastikliyini itirməsi və düz əzələ diastazının zərif cinsin nümayəndələrində daha çox rast gəlinməsidir.
Qeysəriyyə ilə abdiminoplastikanın bağlılığı varmı?
Plastik əməliyyat aparan klinika və mərkəzlərin sayının getdikcə artmasından da məlumdur ki, bu cür əməliyyatlar çoxlarının marağındadır.
Plastik-cərrah Elman Əliyevlə əməliyyata göstəriş, əks-göstəriş halları və digər məqamlar barədə söhbətləşdik. Müsahibimiz sosial şəbəkələrin pasiyenlərinin sayının artırmasına təsir göstərməsi fikri ilə razılaşmır: “Məlumdur ki, hələ sovet dönəmindən və ondan əvvəl də belə əməliyyatlar keçirilib. Sosial şəbəkələr işimizi daha çox adama tanıtmaq üçün yalnız bir vasitədir. İndi bu əməliyyatların kütləviləşməsi insanların zahiri görünüşünə daha artıq diqqət ayırması, yaş ötdükdən sonra da gənc görünmək istəyi ilə bağlıdır”.
Cərrah deyir ki, hər bir abdominoplastika barədə fikirləşən pasiyent bilməlidir ki, bu, piylənməni müalicə vasitəsi deyil, qarını gərmək və ideal forma vermək üçündür: “Bu əməliyyata pəhriz və idmanın təsir etmədiyi, qarın dərisi sallanan, bədən konturları düzgün olan qadın və kişilər uyğundurlar”.
Son illər qeysəriyyə əməliyyatının sayının çoxalmasının da abdominoplastikaya müraciət edənlərin sayına təsir etdiyi bildirilir. Lakin cərrah Elman Əliyev bunu inkar edir: “Qarın sallanması təkcə qeysəriyyə əməliyyatından sonra meydana gəlmir. Bizə daha çox doğuşdan sonra yaranan problemlə bağlı müraciət edirlər, nəinki qeysəriyyədən sonra. Çünki qeysəriyyə əməliyyatı zamanı bəzi ginekoloq-cərrahlar piy toxumasını da xaric edir, artıq dəri hissəsini də götürdükləri üçün abdominoplastikaya ehtiyac qalmır”.
Əməliyyat bir neçə dəfə övlad sahibi olmuş, qarın nahiyəsinin dərisində çatlar yaranmış qadınlar üçün daha faydalı hesab olunur. Lakin bu, o demək deyil ki, kişilər bu əməliyyatdan faydalana bilməzlər: “Əvvəl kök olan, sonradan arıqlayan bütün insanlar, o cümlədən kişilərin dərisində sallanmalar olur. Bu zaman həmin hissədən azad olmaq üçün kişilər də abdominoplastikadan faydalana bilər. Arıqlamaq istəyən xəstələrin və doğuş haqqında düşünən qadınların bu əməliyyata arıqlayandan və doğuşdan sonra gəlmələri məsləhətdir”.
Göstəriş və əks-göstərişlər
Müsahibimiz deyir ki, əməliyyata iki nöqteyi-nəzərdən əks-göstəriş var. Biri sırf cərrahi, digəri anestezoloji baxımdan əks-göstərişdir: “Vurğulamaq istərdim ki, bu əməliyyat arıqlamaq üçün deyil. Dəri sallanmalarını aradan qaldırmaq üçündür. Arıqlamaq üçün mədə kiçiltmə əməliyyatları var. Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks-göstərişdir. Çünki əməliyyat yolu ilə qarına verilmiş forma hamiləlik dövründə itəcək. Dəri elastik toxumadan ibarət olduğu üçün əməliyyatdan sonra hamilə qalmaqda heç bir məhdudiyyət yoxdur. Sadəcə, biz məsləhət veririk ki, gələcəkdə uşaq planlaması nəzərdə tutan pasiyetnlərin bu əməliyyata getməsi faydasızdır. Çünki qarın böyüdükcə dəri sallanmaları qaçılmazdır və yenidən əməliyyata ehtiyac yarana bilər”.
İnsanları düşünüdürən əsas məsələlərdən biri də əməliyyat yolu ilə ideal qarına sahib olmağın qiymətidir.
Elman Əliyev deyir ki, sonuncu pasiyentlərindən biri Rusiyadan gəlib və buna səbəb Azərbaycanda qiymətlərin ucuz olmasıdır: “Qonşu dövlətlərdən gələn pasiyentlərim də var. Xarici ölkələrlə müqayisədə bizdə abdiminoplastika ucuzdur. 30-40 faiz qiymət fərqi ilə Azərbaycanda bu əməliyyat ucuz başa gəlir. Pasiyentlərimin çoxu Rusiya və Gürcüstan vətəndaşlarıdır”.
Müsahibimizin sözlərinə görə, ümumi olaraq abdiminoplastikanın qiyməti 700 manatdan 3500 manata qədərdir. Bu qiymət əməliyyatın mürəkkəbliyindən və digər orqanlarla bağlılığından asılı olaraq dəyişir.
Naibə Qurbanova