6 Aprel 2016 00:14
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-də saat 9.00-da daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan post-patrul və yol-patrul xidmətinin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri, Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, post-patrul xidmətinə müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Yol-patrul xidmətinə isə müddətli həqiqi hərbi xidmət keçmiş, boyu 178 santimetrdən yuxarı, 20-25 yaşlarında, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi, avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənədi, yaxud sürücü kimi 3 il əmək stajına malik yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi, (Yol-patrul xidmətinə isə əlavə olaraq yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri) müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Bununla yanaşı, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Bu tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyənləşdirilimiş təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında iki il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Müəllif:

Oxşar xəbərlər