10 Aprel 2016 00:25
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 9-da Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Parisdə Ermənistan səfirliyinin qarşısında erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəfə alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.

Etiraz aksiyasında Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa mədəniyyət təşkilatının (ACAF) üzvləri, Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən gələn azərbaycanlı və türk diaspor nümayəndələri iştirak ediblər.

200-dən çox iştirakçının ifasında Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan aksiya Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Avropa Azərbaycan cəmiyyətinin direktoru Lionel Zetter, Nant şəhərində fəaliyyət göstərən Azərbaycan-Fransa mədəniyyət təşkilatının sədri Toğrul Zeynalov və Azərbaycan diasporunun digər fəallarının çıxışı ilə davam edib.

Çıxışlarda son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, təmas xətti yaxınlığında dinc əhalini hədəf alan təxribatçı cəhdlərin törədilməsi pislənilib, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycan torpaqlarından qeyri-şərtsiz və dərhal çıxarılması tələb edilib.

Meydana toplaşan yüzlərlə soydaşımız Azərbaycan və Fransa bayraqlarını, beynəlxalq təşkilatları və Minsk qrupunu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri qanuni işğalına biganə qalmamağa səsləyən, erməni qaniçənliyini pisləyən plakatlar tutmuş, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şüarlar səsləndiriblər.

Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Fransa hökumətinə və ölkə ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxuyub.

Azərbaycan icmasının sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, daşnak partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü əllərində terrorçu təşkilat ASALA və PKK-nın bayraqları ilə aksiya yerinə yaxınlaşaraq təxribat törədib.

Onlar, aksiya iştirakçılarına qarşı zor tətbiq edərək, onların üzərinə daşlar, şüşə və gözyaşardıcı qazlar atıb. Nəticədə bir neçə aksiya iştirakçısı xəsarət alıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsi ilə hücum edənlərin bir qrupu saxlanılıb.

Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu plana uyğun davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.


Müəllif: