Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik mayın 31-də Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
Agentlikdən Teleqraf.com-a daxil olan məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb. Cəmilli kəndində isə 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib və 1 ədəd mühərrik hissəsi aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb.
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 5 000 kv. m ərazi yoxlanılıb.
Ağdam rayonu Qaradağlı kəndində 1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 4 000 kv. m ərazi yoxlanılıb.
Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 2 171 kv. m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 31 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 548 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1479 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Nərgiz