İyunun 8-də Ali Məhkəmədə “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərin milyonlarla pulunu mənimsəməsi ilə bağlı yenidən məhkəmə prosesi başlayacaq.
Teleqraf.com xəbər verir ki, Zal Yusifov 2008-ci ildə həbs olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib.
Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub. Bu dəfə də apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edib ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət etməyib. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər.
Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur. Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib.
Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Şikayət Ali Məhkəmədə hakim İlqar Hüseynovun icraatına verilib və məhkəmənin baxış iclası iyunun 8-nə təyin olunub.
Zakir Yusifov şikayətində göstərib ki, guya məhkəmə proseslərindən iştirak etməyib. Zakir Yusifov indi də məhkəmə proseslərində iştirak etmədiyi bəhanəsi ilə Ali Məhkəmədə qərarı dəyişdirmək məqsədi güdür. Belə hərəkətləri ilə Zakir Yusifovun bir məqsədi var. O da məhkəmənin yekun qərarını uzatmaq istəyidir. Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov istəyindən əl çəkmir. O bu dəfə daha ağ yalan danışaraq iddia edir ki, guya Bakı Apelyasiya Məhkəməsində keçirilən proseslərə qatılmayıb, məhkəmə onun iştirakı olmadan qərar qəbul edib.
Hər yerdən əli üzülən Zakir Yusifov indi də məhkəmədə iştirak etmədiyini bəhanə gətirir. Bu iddia ilə zərərçəkmişlərə dəymiş ziyanını ödənilməsi üçün mülklərin hərraca çıxarmasına mane olmağa çalışır.
Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi nümayəndəsi bütün məhkəmə proseslərinə qatılıblar. Onun və nümayəndəsinin iştirakı olmadan bir dəfə də proses keçirilməyib.
Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi. Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini təxirə salmışdı.
Ümid var ki, bu dəfə Ali Məhkəmə qərar qəbul edən zaman 81 nəfər vətəndaşın hüquqlarını müdafiə edəcək və onların xeyrinə qərar çıxaracaq.
Vəkillər Kollegiyasının üzvü Samir İsayev deyir ki, kasasiya qaydasında Zakir Yusifovun şikayəti icraata götürülməli və əsaslı olub-olmaması araşdırılmalıdır: “Ali Məhkəmə işdə nöqsan tapırsa, araşdırılması üçün geri qaytarır. İddiaçının prosesdə iştirak etməməsi ilə bağlı kasasiya şikayəti verilə bilər. Amma iddiaçı əsaslandırmalıdır ki, üzrlü səbəbdən prosesdə iştirak etməyib. Qərar oxunanda iddiaçının prosesdə iştirak etməməsi ilə bağlı şikayəti əhəmiyyət daşımır”.
Hüquqşünas Gülşən Əkbərovanın sözlərinə görə, kasasiya şikayətinin geri qaytarılması üçün məhdudiyyət yoxdur: “Konkret hallarla bağlı işə Ali Məhkəmədə kasasiya qaydasında baxılır. Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq iş geri qaytarıla bilər. Bunun üçün kasasiya şikayəti əsaslı olmalıdır”.