14 İyun 2016 16:22
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər.

Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş. Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.

“Ailəmdə problemlər yaranmışdı”

Məhkəmədə ifadə verən Ruhin Allahverdiyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Rəşad adlı dostunun vasitəsi ilə Aleksandr Məhərrəmovla tanış olub: “Rəşad mənim tələbəlik illərindən dostum olub. Amma 20 il idi ki, onu görmürdüm. 2 il əvvəl Rəşad ilə rastlaşdım. Söhbət zamanı ustalıq etdiyimi bildirdim. Amma son vaxtlar iş olmadığını, iş axtardığımı bildirdim. Rəşad türklərlə birlikdə tikintidə işlədiyini, məni də onların yanında işə düzəldə bilcəyini bildirdi. Bundan sonra Rəşad məni işə düzəltdi. İşlədiyim müddətdə tikinti sahəsi ilə bağlı Türkiyədə keçirilən seminarda iştirak etdim. Aleksandr; da orada tanıdım. Aleksandrın atası ilə eyni yerdə qalırdıq. Onun atası xəstə idi, müalicə etdirmək üçün Türkiyəyə gətirmişdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Bakıya qayıtdıqdan sonra 2-3 dəfə Aleksandrın yaşadığı evdə olub. O, qeyd edib ki, Aleksandrın bəzi işlərini görüb və bunun müqabilində pul alıb: “Son vaxtlar ailəmdə problemlərim yaranmışdı. Aleksandrdan pul alsam da, onun işini görməmişdim. Həmin pulları şəxsi ehtiyaclarıma xərcləmişdim. Həmin ərəfədə başqa bir iş olduğu üçün Aleksandrın işi ilə ümumiyyətlə maraqlanmamışdım. Buna görə də Aleksandr dəfələrlə deyirdi ki, pulu alıbsan, bəs işi görmək nə oldu? Amma sonradan Rəşadla başqa bir iş gördük. İşi başa vurandan sonra Rəşada dedim ki, Aleksandrdan pul almışam, onun da haqq-hesabını çatdırmaq lazımdı. Rəşad bildirdi ki, bununla özüm maraqlanaram”.

“Bildirdi ki, işimizə yaramırsan”

Ruhin Allahverdiyev qeyd edib ki, son günlər ailəsində yaranan problemlər daha da ağırlaşıb. Onun sözlərinə görə, ailəsindən ayrıldığı üçün pulsuz-parasız qalıb: “Fikirləşdim ki, Aleksandr mənə dolanmaq üçün 5-10 manat verər, mən də bu vəziyyətdən çıxaram. Çünki əvvəllər onun işinə çox yaramışdım, heç vaxt Aleksandra pislik etməmişəm. Bu səbəbdən onlara gəldim. Evdə anası var idi, Aleksandr isə yatırdı. Həmin vaxt Aleksandrın anası mənə acıqlı davrandı. Məni ittiham etdi ki, söz verirsən, amma iş görmürsən. Ona ailəmdə problemlər olduğunu dedim. Sonra Aleksandrın anası acıqlı-acıqlı mənə çay, kofe təklif etdi. Ona kofə içəcəyimi bildirdim. Sonra qadın deyinə-deyinə kofe gətirməyə getdi. Kofe gətirəndən sonra qadın bildirdi ki, daha bizim işimizə yaramırsan. Onu başa salmaq istədim ki, iş görmək mənim üçün vacibdir”.

“Şkafda qızıllar olub”

Ruhin Allahverdiyev bildirib ki, iş görməsə də, Aleksandrdan siqaret pulu almağı düşünüb: “Bu zaman yuxudan oyanan Aleksandr gəldi. O da daha mənimlə görəcək işi olmadığını bildirdi. Anası dedi ki, bunu polisə vermək lazımdı. Izah etdim ki, çətinliyə düşmüşəm. Amma Aleksandr məni yalançı adlandırdı. Mənim onları öldürmək niyyətim olmayıb, bunu da əvvəldən planlaşdırmamışam. Narkotik istifadəçisi olmuşam, buna görə də əvvəllər məhkum da olunmuşam. Amma 200 manata görə kimisə öldürmək, həyatdan məhrum etmək niyyətim olmayıb. Cinayəti onları talamaq məqsədilə də törətməmişəm. Bu hadisə təsadüfən baş verib. Həmin vaxt evdə şkafda qızıllar olub, amma heç birinə toxunmamışam”.

“Çəkiclə başından vurdum”

Ruhin Allahverdiyev daha sonra ifadəsində qeyd edib ki, Aleksandr ilə mübahisə edib: “Həmin vaxt Aleksandr yuxudan təzə oyanmışdı. Ona görə də fikirləşdim ki, yəqin məni başa düşər. Ona problemlərimin olduğunu izah etməyə çalışdım. Amma gördüm ki, onlar məni başa düşmürlər. Bu zaman Aleksandr əl-üzünü yumaq üçün hamama keçdi. Anası isə telefonu götürdü ki, məndən polisə şikayət etsin. Həmin vaxt özüm ilə gətirdiyim “setka” dan çəkici götürdüm və Aleksandrın anasının başının arxa hissəsindən vurdum. Qadın huşunu itirərək yerə yıxıldı. Sonra çəkiclə hamamda Aleksandrı vurdum. Sonra stolun üstündə olan pul qabını götürdüm. Gördüm ki, içində pul var. Həmin pulu saymadım və “setka”ma atdım. Qapını arxadan bağlayaraq evi tərk etdim”.

“Əməlimdən peşmanam”

Ruhin Allahverdiyevin sözlərinə görə, küçədə mağazadan evdən götürdüyü pulla su və siqaret alıb. O, qeyd edib ki, həmin su ilə əlində olan qan ləkələrini yuyub.

Onun sözlərinə görə, daha sonra taksi ilə Alatava qəsəbəsinə gəlib və orada dostunun evində 11 gün qalıb. O, qeyd edib ki, hadisədən 11 gün sonra polis əməkdaşları tərəfindən həmin evdə həbs edilib.

Ruhin Allahverdiyev əlavə edib ki, cinayətdə istifadə etdiyi çəkici dənizə atıb. O, ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirib: “Mən bu cinayəti törətmişəm. Həyatdan küsmüş bir adamam”.

Məhkəmə iclası iyunun 17-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər