Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nüşabə Hüseynova ifadə verib.
O bildirib ki, yanğın hadisəsi baş verən zaman uşaqla evdə olub: “Tez aşağı düşdük. İkinci mərtəbədə artıq yanğından heç yer görünmürdü. Sonra uşağı aşağıda olan şəxslərin köməyi ilə binadan çıxardıq”.
Zərərçəkmiş qeyd edib ki, bu günə kimi heç bir kompensasiya almayıb: “Evə 6 min manat dəyərində ziyan dəyib. Dəymiş ziyan ödənilsin, başqa heç nə istəmirik. Neçə dəfə gəlib evin şəkillərini çəkiblər. Evə dəyən ziyan üçün kompensasiya isə 5 min manat dəyərində göstərilib”.
Digər zərərçəkmiş Aydın Məmmədov da evə dəyən ziyanın ödənilmədiyini deyib. O bildirib ki, evinə 8 min manat ziyan dəyib və kompensasiya ödənilməyib.
Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.
Hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
“TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.
Hacı Zeynalov