25 İyul 2016 15:17
3 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda restoranda idmançılarla kriminal avtoritetlər arasında baş verən silahlı insidentə görə həbs edilənlərdən birinə əlavə ittiham verilir.

Teleqraf.com xəbər verir ki, həmin hadisə ilə bağlı həbs edilən və Bakı İstintaq Təcridxanasında saxlanılan Samir Allahyarovun yanına gələn atası Rafiq Allahyarovun üzərinə baxış keçirilib.

Rafiq Allahyarovun gətirdiyi sovqata baxış keçirilən zaman içərisində aş olan qazanın xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən daxilində danışıq kartı olan 1 ədəd “Mini” markalı mobil telefon aparatı və elektrik qidalandırıcı aşkar edilərək götürülüb.

Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib.

Qeyd edək ki, Samir Allahyarov Cinayət Məcəlləsinin 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilir.

İttihama görə, aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahl insident baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.

Aprelin 21-də Səbail rayonu ərazisindəki “Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub.

Bu hadisənin də kriminal aləmə yaxınlığı ilə seçilən şəxslər tərəfindən törədildiyi ehtimal olunur. İlkin ehtimala görə, kriminal aləmin avtoritetlərinin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib.

Qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Sabunçu və digər rayonlarında xüsusi əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə seçilən 42 nəfər həbs edilib.

Olaydan sonra “Bulaq”dakı atışmanın kriminal aləmin iki nüfuzlu siması – “Lotu Quli” kimi tanınan Nadir Səlifov və “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevin tərəfdarları arasındakı “razborka” olduğu haqda xəbərlər də dolaşırdı.

Həbs olunanlar arasında kriminal aləmə yaxınlığı ilə seçilən şəxslərin də adları var. Həbs olunanlar arasında “Lotu Quli”nin tərəfdarları – “Pepi”' ləqəbi ilə tanınan Pərviz və “'Qusik”' kimi məhşur olan Hüseynin də adı keçir. “Lotu “Quli”nin həbs olunan adamlarına isə liderliyi Namiq İbayev edib. Namiq İbayev də keçirilən əməliyyat zamanı həbs olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər