1 Avqust 2016 14:34
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2016-cı ilin birinci yarımilliyi ərzində göstərdiyi fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi və tabe qurumların rəis heyəti iştirak edib.

Tədbiri Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov açıb. O, bildirib ki, prezident İlham Əliyevin sədrliyi ilə 10 iyul 2016-cı il tarixdə keçirilmiş 2016-cı ilin birinci yarımilliyinin yekunlarına və sosial-iqtisadi inkişafa dair müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin keçirilməsinin nəzərdə tutulub.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilib, 10 minə qədər məhkumu əhatə edən, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad edilməsini nəzərdə tutan Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarı Penitensiar Xidmət üzrə 2800-ə yaxın məhkuma tətbiq edilib: “2500-dən artıq məhkum cəzadan azad olunub və hazırda qərarın icrası davam etdirilir”.

Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov 2016-cı il birinci yarımilliyin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 17 mart 2016-cı il tarixdə imzalanmış 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında və dürüst icra edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının 6 may 2016-cı il tarixli qanununun icrası davam etdirilir. Qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən edilib, penitensiar müəssisələrdə cəza çəkən 277 məhkum barədə sənədlər məhkəmələrə təqdim olunub.

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 265 mobil telefon, 159 qram müxtəlif narkotik və psixotrop maddə, 23 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 265 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Eyni zamanda, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

Müşavirədə Penitensiar Xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışı dinlənilib.

Müşavirəyə yekun vuran ədliyyə general-mayoru Ceyhun Həsənov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsinin Xidmətin fəaliyyətinin yaxşılaşdırılmasına zəmin yaradacağını vurğulayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər