“7gun.az” xəbər portalının təsisçisi və baş redaktoru Cavid Şirəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, Cavid Şirəliyev Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilir.
İttihama görə, Cavid Şirəliyev tanışı Asif Orucovla qabaqcadan əlbir olaraq, 2013-cü il iyun ayının təxminən ortalarında Şəfiqə Xankişiyevaya məxsus mobil telefona zəng vurub, onu icarədarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yaymaqla hədələyib.
Onlar Şəfiqə Xankişiyevadan 2000 manat pul tələb edib, 700 manatını alıblar.
Cavid Şirəliyevin anası Zahidə Şirəliyeva isə deyir ki, istintaq düzgün aparılmayıb, oğlu şərlənərək həbs edilib. Zahidə Şirəliyevanın sözlərinə görə, istintaq orqanı oğlunun həbsinə səbəb olan heç bir mötəbər sübut ortaya qoya bilməyib. İşi aparan müstəntiq telefon danışıqlarının mövcud olduğu nəticəsinə gəlsə də, sonda belə bir telefon danışığının aparılmadığı üzə çıxıb.
Baş redaktorun anası qeyd edib ki, oğlunun kafe sahibindən pul tələb etməsi ilə bağlı istintaq orqanının “mötəbər sübutu” da düzgün olmayıb: “Oğlum guya 2013-cü ilin iyul ayında Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesinin sahibindən hədə-qorxu ilə pul tələb edib. Amma həmin vaxt orada ümumiyyətlə belə bir kafe olmayıb. Bunu kənd bələdiyyəsinə, icra nümayəndəsinə verilmiş yazılı sorğular da sübuta yetirib”.
Zahidə Şirəliyeva bildirib ki, oğlunun Asif Orucovla cinayət əlaqəsinə girməsi ilə bağlı ittiham da qərəzlidir: “Asif Orucov həmin vaxt 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib. O ərəfədə atası rəhmətə gedib, amma onu yas yerinə də buraxmayıblar. Yasın 7-ci günü polisə gətirilib, sonra da cəza çəkdiyi yerə qaytarılıb. Heç bir sübut olmadan oğluma 5 il cəza verilib. Oğlumu peşə fəaliyyəti ilə bağlı həbs ediliblər”.
Cavid Şirəliyevin vəkili Zabil Qəhrəmanov da Teleqraf.com-a açıqlamasında müdafiə etdiyi şəxsin şərləndiyini söyləyib: “Bir qadın onun üzünə durub, ondan pul tələb etdiyini iddia eləyib. Həmin qadının həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələr ziddiyyətlidir. İfadəsinin birində deyir ki, Cavid gələrək məndən pul tələb etdi. Sonrakı ifadəsində bildirir ki, pulu zəng edərək istədi. İstintaq materiallarında belə ziddiyyətli ifadələr var. Cavid Şirəliyev özünü təqsirli bilməyib. Buna görə də onun barəsində bəraət hökmünün çıxarılmasını istəmişik”.
Gəncə Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a bildiriblər ki, Cavid Şirəliyevin cinayət işi hakim Mübariz Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmədən qeyd ediblər ki, onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb: “Tərəflər hökmdən apelyasiya şikayəti veriblər. Bu səbəbdən iş apelyasiya instansiyasına göndərilib”.
Gəncə Apelyasiya Məhkəməsindən bildirildiyinə görə, Cavid Şirəliyev barəsində çıxarılan hökmdən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olub. Apelyasiya şikayəti hakim Çingiz Məmmədovun icraatına verilib və məhkəmənin ilkin baxış iclası avqustun 3-nə təyin olunub.
Hacı Zeynalov