3 Avqust 2016 15:59
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yol qəzası törətməkdə təqsirli bilinən Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Arıkan Memetin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Arıkan Memet 21 may 2015-ci il tarixdə, saat 15.50 radələrində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sumqayıt şəhərindəki Koroğlu prospektində sürət həddini aşıb.

Bu zaman o, velosipedlə yolun solundan sağına keçmək istəyən azyaşlı Mərdan Mərdanovu görüb, avtomobilin sürətini azaltmalı olduğu halda, təhlükənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyib. Arıkan Memet avtomobilin qabaq tərəfi ilə yolun hərəkət hissəsindən keçmək istəyən Mərdan Mərdanovu vurub. Azyaşlıya xəstəxanada tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı Arıkan Memetin yol hərəkəti qaydasını pozması müəyyən edilib. O, Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olma) maddəsi ilə ittiham edilib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Arıkan Memet qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən zərərçəkmişin atası Kamran Mərdanov apelyasiya şikayəti verib. Nümayəndə Arıkan Memetin Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası daxilində həbslə əlaqədar olan cəza təyin edilməsini və 4400 manat pulu tutularaq ona ödənilməsini xahiş edib.

Apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti sonda qərar elan edib. Zərərçəkmiş şəxsin nümayəndəsinin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər