31 Avqust 2016 15:13
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bir neçə vəsatətlə çıxış edib.

Cahangir Hacıyev Beynəlxalq Bankın girovla bağlı sazişlərinin məhkəməyə təqdim edilməsini istəyib. Vəkil bildirib ki, bankla bağlı 2008-2014-cü illərdə Vergilər Nazirliyində cinayət işi açılıb: “Yoxlamalar aparılıb ki, həmin yoxlamalarla bağlı sənədlər də məhkəməyə təqdim edilməlidir”.

Vəkil 2013-2015-ci illərdə maliyyə hesabatları və beynəlxalq audit təşkilatlarının bankla bağlı verdiyi rəylərin məhkəməyə təqdim olunması haqqında vəsatət verib.

Fəxrəddin Mehdiyev bankla “Aqrarkredit” QSC arasında imzalanmış çoxtərəfli sazişlərin də məhkəmə tərəfindən araşdırılmasını istəyib. Hakim vəsatətlərə şahidlərin dindirilməsindən sonra baxılacağını deyib.
Şahid qismində ifadə verən “İnter Tekstil” şirkətinin əməkdaşı Zahid Bağırov bildirib ki, rəhbərliyin tapşırığı ilə Beynəlxalq Bankın baş ofisinə gedib və kreditlə bağlı sənədlərə qol çəkib. Onun sözlərinə görə, adına götürülən kreditin isə hara xərcləndiyindən xəbəri olmayıb.

Samir Əliyev ifadəsində təqsirləndirilən Azad Cavadovun bacanağı olduğunu, onun şirkətində çalışdığını deyib. O qeyd edib ki, 2011-ci ildə A.Cavadovun tapşırığı ilə banka gedərək 780 min 700 manatlıq kreditlə bağlı sənədə qol çəkib.

“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov qeyd edib ki, 2014-cü ildə şirkətin mühafizəçiləri kredit götürən zaman problemlə üzləşiblər: “Mənə dedilər ki, öz işləri ilə bağlı banklardan kredit götürmək istəyərkən adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim. O isə məsələnin artıq həll olunduğunu dedi”.

Şirkətin digər əməkdaşı Emil Nəsibov bildirib ki, kredit müqaviləsinə qol çəkməsindən xəbəri olmayıb: “Necə tapşırıq veriblərsə, elə də etmişəm. Banka gedib, sənədə qol çəkmişəm. Ancaq bunun nə ilə bağlı olduğunu araşdırmamışam. Bir gün bankdan 4 min manat kredit götürmək istəyirdim ki, öyrəndim ki, adıma 1 milyon 250 min manat kredit var”.

Təqsirləndirilən Azad Cavadovun dostu Emin Nəbiyev də oxşar ifadə verib. O bildirib ki, Azad Cavadovun tapşırığı ilə adına 700 min manat kredit götürülüb: “Həmin kreditin Lənkəranda istirahət mərkəzinin tikilməsi ilə bağlı götürülməsindən xəbərsizəm”.

Proses sentyabrın 2-də davam edəcək.

İttihama görə, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər