Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə proses davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Cahangir Hacıyev indiyə qədər olan məhkəmə protokolları ilə tanış olmaq istəyir. Hakim isə cavab verib ki, məhkəmə protokolları məhkəmə istintaqı başa çatandan sonra 3 gün ərzində təqdim olunacaq.
Şahid Emma Həsənova bildirib ki, Azad Cavadovanın keçmiş arvadının anasıdır: "Keçmiş kürəkəinimin xahişi ilə kredit müqaviləsinə imza atdım. Amma, pul almamamışam".
Sabunçu filialının müdir müavini Kərimzadə bildirib ki, bir kreditə müdir olmadığı üçün qol çəkib.
Məhkəməyə digər şahidlər gəlmədiyi üçün onların məcburi gətirilməsi barədə qərar çıxarılıb. Proses sentyabrın 14-də davam edəcək.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov