Sentyabrın 11-dən 15-dək İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 21-ci illik konfransı və ümumi yığıncağı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini –Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Assosiasiyanın Antikorrupsiya Şəbəkəsinin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri “Korrupsiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlıq” mövzusunda təqdimatla çıxış edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində möhtəşəm uğurlar qazanılmaqla irimiqyaslı nailiyyətlərə imza atıldığını xüsusi vurğulayıb.
Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında region ölkələrinin hüquq sistemi və qanunvericiliyində bu sahədə mövcud olan problemlər, onların həlli yolları və inkişaf perspektivlərinə toxunub.
İclasın sonunda Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və statistik məlumatlar tədbir iştirakçılarına təqdim edilib.
İcraiyyə Komitəsinin iclasında nümayəndə heyətinin rəhbəri çıxış edərək Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi önəmi xüsusi vurğulayıb, ötən il ərzində Assosiasiya ilə səmərəli əməkdaşlığın inkişafı istiqamətində görülmüş işlərlə bağlı ətraflı məlumat verib.
İclasda həmçinin gündəlikdə duran təşkilati məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmış, müvafiq qərarlar qəbul edilib.
Assosiasiyanın Antikorrupsiya Şəbəkəsinin növbədənkənar iclasında Qətərin Baş prokuroru Bin Fetais Al Marri, İsveçrənin Baş prokuroru Mixael Lauber, Perunun Baş prokuroru Pablo Velarde və digərləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində təmsil etdikləri ölkələr arasında əməkdaşlığı daha da gücləndirmək məqsədi ilə yeni əlaqələndirici bazanın yaradılması qərara alınıb.
Sentyabrın 12-də Assosiasiyanın 21-ci illik konfransı və ümumi yığıncağının təntənəli açılış mərasimində İrlandiya Respublikasının Baş prokuroru Kler Loftus və BPA-nın prezidenti Gerhard Yaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların rolunu qeyd edib, Assosiasiyanın ötən dövrlərdəki fəaliyyətinə nəzər salıblar.
“Prokuror və müstəntiqlərin cinayət təqibində rolu” mövzusunda keçirilmiş illik konfransda dünyanın 92 ölkəsindən 550 nəfər, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Tədbirin sonuncu günü Assosiasiyanın ümumi yığıncağında qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə verdiyi töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri növbəti 3 il müddətinə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilib.
Görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Assosiasiyanın prezidenti, İrlandiya, Türkiyə və Qətərin Baş prokurorları, eləcə də Böyük Britaniya, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.
Tədbir çərçivəsində BPA-nın növbəti illik konfransının 2017-ci ilin sentyabr ayında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilməsi qərara alınıb.
Hacı Zeynalov