Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Gülağa Qəmbərov (şair Gülağa Tənha) ifadə verib.
Gülağa Qəmbərov bildirib ki, 19,5 milyon dolları İlham Qasımova verib. Onun sözlərinə görə, İlham Qasımov həmin məbləğdə pulu ondan iş qurmaq adı ilə alıb: “Biz 10 milyon dollara ev tikməliydik. 5 milyon dolları isə iş tamamlanmalı idi. Lakin iş alınmadı. Sonra hüquq-mühafizə orqanına müraciət elədim”.
Qeyd edək ki, İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb.
Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.
Hacı Zeynalov