13 Oktyabr 2016 20:24
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin fevralın 6-da, gecə saat 2 radələrində paytaxtın Xətai rayonu ərazisində Şahlar Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, həmin tarixdə Bakı şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov və Anar Qəhrəmanovla birlikdə rayon ərazisində fəaliyyət göstərən “Arabeska” çay evinə gediblər.

Onlar orada olan Şahlar Məmmədov və onunla birlikdə şəxsiyyəti istintaqa məlum olmayan digər iki nəfər tanışları arasında mübahisə yaranıb. Mübahisə zəminində Anar Qəhrəmanov Şahlar Məmmədovu çay evinin arxasına dəvət edib. Şahlar Məmmədovun üstündə gəzdirdiyi bıçaqla Anar Qəhrəmanova xəsarət yetirib.

Bu zaman Emin Musayev və Abdulla İsmayılovun isə xuliqanlıq niyyəti ilə üstlərində gəzdirdiyi bıçaqla Şahlar Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Şahlar Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə ilkin dinləmə olub. Prosesdə əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, daha sonra isə onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı oktyabrın 14-də davam edəcək.
Hacı Zeynalov


Müəllif: