Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank” ASC-də filial müdiri olmuş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı Aygün Bayramova bildirib ki, “Zaminbank”dan 253 min manat kredit götürüb.
Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Digər şahid Vüqar Gözəlov təqsirləndirilən şəxslərdən yalnız Müşfiq Bayramovu tanıdığını, Müşfiq Bayramovun atası ilə dost olduğunu deyib: “Bankdan kredit götürməmişəm. Rusiyaya getmək istəyirdim, lakin atam sənədlərimi əlimdən alıb, özündə saxlayırdı”.
Proses oktyabrın 28-də davam edəcək.
“Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir.
Müşfiq Bayramovun barəsində həbs, digər təqsirli bilinən 6 nəfərin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
Hacı Zeynalov