28 Oktyabr 2016 15:01
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Reyhan Xəlilova ifadə verib.

O, Nərimanov rayonu ərazisində olan mənzilini İlham Qasımovun rəhbərlik etdiyi “Real” MTK-ya satan şəxslərdən olub. Həmin evlərin yerləşdiyi ərazini İlham Qasımov bina tikmək üçün alıb.

Şahid bildirib ki, 70,5 kvadratmetr sahəsi olan evini “Real” MTK-ya 141 min manata satıb. Məhkəmədə məlum olub ki, müqavilədə evin alınması üçün ödənilən məblığ 762 min manat olaraq göstərilib. Şahid bundan xəbərsiz olduğunu bildirib.

Digər şahid “Real” MTK-nın baş mühasibi Ədilağa Hüseynov ifadə verib. O, 2012-ci ildən şirkətdə çalışdığını, Gülağa Qəmbərovun (Tənha) İlham Qasımovla şərik olduğunu bildirib. Onun sözlərinə görə, İlham Qasımov “Real” MTK-dakı payını Gülağa Qəmbərova satıb.

Baş mühasib Nərimanov rayonu ərazisində alınan evlərin köçürülməsi haqda da danışıb: "Evlərin qiymətləndirilməsindən xəbəriim olmayıb, “Real” MTK-nın direktoru olmuş Sahib Cahangirlinin dedikləri əsasında sənədləşdirmə işlərinin aparıldığını bilmişəm. Alınan evlərin bir kvadratmetri üçün 2-2.5 min manat vəsait ayrılıb, lakin sonradan ev sahibləri qiymətin artırılmasını istəyiblər".

Ədilağa Hüseynov hakim və prokurorun suallarını cavablandırıb. Hakimin “Müqavilələrdə məbləğin yüksək göstərilməsinin səbəbi nə idi” sualına baş mühasib belə cavab verib: “Sənədlərdə yazılan məbləğlərdən xəbərim var. Ancaq mən sənədləri Sahib Cahangirlinin dedikləri əsasında hazırlamışam. Verilən məbləğlərdən xəbərim yoxdur. Bir məsələ də var ki, elə mənzil olub, sənəddə cəmi 14 kvadratmetrdi, evi genişləndirib 150-200 kvadratmetr ediblər. Ola bilsin, məbləğlərin üst-üstə düşməməsi bununla da bağlıdır”.

Hakim bəzi ev sahiblərin hansı səbəbdən ona etibarnamə verməsi haqda da soruşub. Baş mühasib deyib ki, həmin ev sahiblərinin vaxtı olmadığından ona etibarnamə veriblər.
O, istintaq ifadəsində sənədlərdə evlərin alınmasına ayrılan xərclərin şişirdilməsini səmimi şəkildə etiraf edib və izahatını da imzalayıb.

Baş mühasib istintaq verdiyi ifadədəki ziddiyyətləri eynəyinin yoxluğu ilə izah edib: “Mən müstəntiqin səmimiyyətinə inandım. Nə dedimsə yazdığını düşündüm və imzaladım. Eynəyim maşında qaldığı üçün ifadəni oxumadan imzaladım”.

Prokuror vəsatət verərək baş mühasibin digər proseslərdə də iştirakını istəyib. Dövlət ittihamçısı vəsatətini ifadələr zamanı çarpaz dindirilmənin vacibliyi ilə əlaqələndirib. Vəsatət təmin edilib.

Digər şahid isə müğənni Manafa Ağayev olub.

Təqsirləndirilən İlham Qasımovu tanıdığını deyən Manaf Ağayev bildirib ki, bina tikilməsi üçün alınan ərazidə iki qarajı olub. İlham Qasımovun bacısı oğlu onun yanına gələrək qarajları satmasını istəyib. Manaf Ağayev isə qarajları satmaq istəməyib, yalnız obyektlə dəyişə biləcəyini deyib: “Dayısını tanıyırdım. Qarajları satmaq istəmədim. Dedim ki, dayısına desin, ev, ya da obyektlə dəyişə bilərəm. Ancaq sonradan alqı-satqı olmadı”.

Manaf Ağayev qarajların rəsmi sənədlərinin olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Açığı, mənim sənədlərdən elə də başım çıxmır. Çoxdan almışam. Amma onu bilirəm ki, “kupça”sı yoxdur. Müqavilə əsasında almışam”.

Zərərçəkmiş Gülağa Qəmbərovun köməkçisi işlədiyini deyən Tofiq Bünyadzadə də ifadə verib.

O, 2010-cu ildən Gülağa Qəmbərovun Bakıdakı bəzi işlərinə kömək etdiyini söyləyib. İttiham aktında qeyd edilən 19 milyon 687 min manatın İlham Qasımova verilməsində iştirak etdiyini deyən Tofiq Bünyadzadə pulun hansı məqsədlə və nəyə xərclənməsi üçün verilməsindəın xəbərsiz olduğunu qeyd edib.

O, pulları şəxsən İlham Qasımova verdiyini də ifadəsinə əlavə edib.

Şahid qismində dinidirilənlərdən biri - Gülağa Qəmbərovun hüquqşünası Ağalar Quliyev bildirib ki, Gülağa Qəmbərov tərəfindən İlham Qasımova verilmiş pulların təyinatı üzrə xərclənib-xərclənmədiyini araşdırmaq ona tapşırılıb.

Gülağa Qəmbərovun tapşırığı əsasında araşdırmaya başlayan hüquqşünas qanunsuzlqular aşkar edib: “Mən şirkətin ofisinə bir neçə dəfə getdim. Mühasiblə görüşüb, bəzi sənədləri istədim. O da dedi ki, sənədləri İlahm Qasımovun razılığı ilə verə bilər. Sonra bəzi sənədləri aldım. 3-4 müqaviləyə nəzər yetirərkən gördüm ki, tərəflərin hamısı “Real” MTK-nın əməkdaşalrıdır.

Həmin müqavilələrdə baş mühasibin və digər işçilərin imzası var idi. Məbləğlərin də şişirdildiyini, dəyərindən artıq göstərildiyini gördüm. Bununla bağlı Gülağa Qəmbərovla görüşüb danışdıq. Bizdə belə şübhə yarandı ki, pullar təyinatı üzrə xərclənməyib. Sonra Sahib Cahangirli ilə görüşdüm. Dedi ki, 3-4 aydır ofisə getmədiyi üçün baş verənlərdən xəbəri yoxdur”.

Hüquqşünas bildirib ki, araşdırma zamanı Gülağa Qəmbərov tərəfindən İlham Qasımova verilən 13 milyon 687 minin 10 milyona yaxınının təyinatı üzrə xərclənmədiyi aşkar edilib.

Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

İttihama qeyd olunur ki, İlham Qasımov şair və iş adamı Gülağa Qəmbərovdan ( GülağaTənha) 19.5 milyon dollar alıb. O, pulu İlham Qasımova iş qurmaq adı ilə verib.

İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər